Azərbaycanla İCESCO arasında fəaliyyət planı imzalandı

Azərbaycanla İCESCO arasında fəaliyyət planı imzalandı

Dekabrın 24-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Rabat şəhərində yerləşən baş qərargahında “Azərbaycan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı” imzalanıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzerTimes-a bildirilib ki, imzalanmış Fəaliyyət Planına əsasən Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-nun tərəfdaşı olduğu “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində birgə fəaliyyətlərin icrası nəzərdə tutulub. Bununla yanaşı, İCESCO-nun Gənc Peşəkarlar Proqramı, İslam dünyasının mədəni irs abidələrinin qorunması və mühafizəsi, həmçinin informasiya texnologiyası sahəsində həyata keçiriləcək layihələrə dəstək verilməsi planlaşdırılır.

Fəaliyyət Planını Azərbaycan tərəfindən ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov, İCESCO adından isə təşkilatın Baş direktoru Səlim Əl-Malik imzalayıb.

İmzalanma mərasimindən sonra səfir N.Səmədovla S.Əl-Malik arasında görüş keçirilib. Görüşdə İCESCO-nun Azərbaycanla sıx əməkdaşlığından bəhs edilib, həmçinin təşkilat ilə Azərbaycanın Xarici İşlər Nazirliyi, eyni zamanda ölkəmizin Rabatdakı səfirliyi arasında gələcək əməkdaşlıq planlarına dair müzakirələr aparılıb.

Teqlər: