Bakı şəhərində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və
nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla Avstriya
Respublikasının Rəqəmsal və İqtisadi İşlər üzrə Federal
Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri Franz Vessiq
arasında ikitərəfli görüş keçirilib.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə ölkələrimiz arasında mövcud iqtisadi, elmi
və texniki əlaqələr müzakirə olunub.
Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı,
sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq
Komissiyanın səmərəli platforma olduğu vurğulanıb.
Eyni zamanda Komissiyanın 10-cu iclasının və Azərbaycan –
Avstriya Biznes Forumunun təşkilinin əhəmiyyəti haqqında fikir
mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Avstriya Respublikası
arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və
texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın
Azərbaycan tərəfindən həmsədri Rəşad Nəbiyev və Avstriya tərəfindən
həmsədri Franz Vessiqdir.