Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 59% artıb (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

“İxrac icmalı” nın fevral sayına əsasən, 2022-ci ilin yanvar ayı
ərzində Azərbaycanın ixracı 3,1 mlrd. ABŞ dolları, qeyri-neft
sektoru üzrə 232,2 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru
üzrə ixrac 2021-ci il ilə müqayisədə 86,2 mln. ABŞ dolları və ya
59% artıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzindən Trend-ə bildirilib.

2022-ci ilin yanvar ayı ərzində meyvə-tərəvəz məhsulları ötən
ilin eyni dövrü ilə müqayisədə 15,8 mln ABŞ dolları artaraq 52,8
milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi
məhsullarının ixracı 9,3 dəfə, alüminium və ondan hazırlanan
məmulatların ixracı 56,5%, pambıq lifi ixracı 56,4%, pambıq iplik
ixracı 34,5%, şəkər ixracı 24,1%, qara metallar və onlardan
hazırlanan məmulatların ixracı isə 10,2% artıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin yanvar
ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə
müqayisədə 31% artaraq 60,2 milyon ABŞ dolları, qeyri-yeyinti
məhsulları üzrə isə 71,9% artaraq 172 milyon ABŞ dolları təşkil
edib.

2022-ci ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal
ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,1milyon
ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (70,6
milyon ABŞ dolları) və Gürcüstan üçüncü (14,5 milyon ABŞ dolları)
olub.

2022-ci ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid
malların siyahısında pambıq mahlıcı (22,2 milyon ABŞ dolları)
birinci, xurma (17,1 milyon ABŞ dolları) ikinci və meşə fındığı
(15,9 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin
yanvar ayında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm
də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib
edilib.

2022-ci ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı
subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil
olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl
Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı
Nümayəndəliyi, “Aqrovest” MMC, “P-Aqro” MMC, “Çinar Aqro” MMC,
“Almeyvə” MMC, “Product Service” MMC, “ZR-78 Company” MMC, “RAM
Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, Nemət Yalçın Oqtay
oğlu.


Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən
dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda
aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC,
“Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,
“Azəripək” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Naxçıvan MR Dövlət
Energetika Xidməti”, “Azəri M-I Drilling Fluids” MMC”, “Bakı
Metropoliteni” QSC, “EnerjiServisTikintiTəmirSazlama” MMC.

2022-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın
29 ölkəsinə 2 milyon ABŞ dolları dəyərində xidmət (peyk
telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac
edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir
onun ümumi gəlirlərinin 83 faizini təşkil edib.

2022-ci ilin yanvar ayı ərzində peyk telekommunikasiya və optik
peyk xidmətlərinin ixracının ilk beşliyində isə 0,5 milyon ABŞ
dolları ilə Birləşmiş Krallıq, 0,4 milyon ABŞ dolları ilə ABŞ, 0,4
milyon ABŞ dolları ilə Fransa, 0,2 milyon ABŞ dolları ilə BƏƏ, 0,1
milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

2022-ci ilin yanvar ayında xarici vətəndaşların bank kartları
vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 204,7
milyon manat təşkil edib.

2022-ci ilin yanvar ayında Azexport.az portalına 45,2 milyon ABŞ
dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin yanvar
ayında Azexport.az portalına ən çox ixrac sifarişi sifarişi toyuq
əti, toyuq yumurtası, şərab, xurma, pomidor, pambıq yağı, kərə
yağı, tikinti materialları, tütün, mühərrik yağı, pambıq lifi və s.
mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar
ayından 2022-ci ilin 31 yanvar tarixinə kimi (61 ay ərzində)
Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac
sifarişlərinin dəyəri 2,8 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac icmalı”nda göstərilib ki, 2022-ci ilin fevral
ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata
keçirilən qeyri-neft ixracının dəyəri 17 milyon ABŞ dolları
olub.

Teqlər: