Azərbaycan Respublikasının Polşadakı səfiri Nərgiz Qurbanova
Ukraynadan bu ölkəyə keçmiş vətəndaşlara müraciət edib.
Səfirlikdən AzerTimes-a verilən məlumata görə, Polşa ərazisinə
keçmiş Azərbaycan vətəndaşları üçün Səfirlik tərəfindən mümkün
dəstək göstərilməkdədir. İlkin məlumata əsasən Ukraynadan Polşa
ərazisinə təqribən 1000 nəfər vətəndaşımız keçib.
“300 nəfər vətəndaşımız Səfirlik tərəfindən mehmanxanalara
yerləşdirilmişdir. Səfirlik bu məqsədlə iri tutumlu avtobuslar
kirayə götürmüşdür. Qeyd etmək istərdik ki, bir çox vətəndaşımızın
səyahət sənədlərində problem vardır. Həmin vətəndaşlara qayıdış
şəhadətnamələrin əldə edilməsi üçün konsulluq xidməti
göstərilmişdir.
Obyektiv səbəblərdən hazırda mehmanxanalarda yerlərin sayında
ciddi məhdudiyyətlər mövcuddur. Bu səbəbdən Polşanın icra qurumları
tərəfindən təşkil edilmiş müvəqqəti sığınacaq yerlərində
yerləşdirilmiş vətəndaşlarımızdan xahiş olunur ki, təxliyə
olunanadək həmin yerlərdə qalsınlar və yerləşmə ünvanı,
pasportlarının fotoşəkli və əlaqə məlumatlarını Səfirliyin
0048576900183 telefon nömrəsinə bağlı olan votsap tətbiqinə
göndərsinlər”, – müraciətdə deyilir.
Qeyd olunur ki, hazırda Azərbaycana təxliyə reysinin təşkili
üzərində iş aparılır. Təxliyə Səfirlikdə tərtib edilmiş siyahıya
müvafiq olaraq həyata keçiriləcək. Növbəlilik əsasında, ilk olaraq
qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük
veriləcək.
Təxliyə barədə məlumat vətəndaşlarımızın telefon nömrələrinə
göndəriləcəkdir. Müvafiq məlumat gəldikdən sonra vətəndaşlarımızdan
Səfirliyin təlimatına uyğun şəkildə hərəkət etmələri xahiş
edilir.
İmkanı olan vətəndaşlarımızdan xahiş edirik ki, Polşadan Türkiyə
və Gürcüstan üzərindən Azərbaycana hərəkət edən təyyarə reyslərdən
istifadə etsinlər. Polşada Türk Hava Yolları və LOT şirkətləri
gündəlik əsasda Varşavadan İstanbula, LOT şirkəti həmçinin
Tbilisiyə, Wizzair şirkəti isə həftədə 3 dəfə Kutaisiyə uçuşlar
həyata keçirir”, – müraciətdə bildirilir.