Azərbaycanın müstəqillik gününü qardaş Türkiyə ilə birlikdə qeyd etməsi dostluğun, müttəfiqliyin göstəricisidir – Könül Nurullayeva

Bu il Azərbaycan öz müstəqillik gününü qardaş Türkiyə ilə
birlikdə qeyd edir. 2018-ci ildə Bakının işğaldan azad edilməsinin
100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci
ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr
olunmuş Zəfər paradında olduğu kimi, builki tədbirlərdə də
Azərbaycan və Türkiyə liderlərinin birgə iştirakı dostluğun,
qardaşlığın və müttəfiqliyin göstəricisidir. Bu gün
Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva
deyib.

O bildirib ki, 44 günlük Vətən mühribəsinin ilk günlərindən,
hətta ilk saatlarından qardaş Türkiyənin dəstəyini gördük.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bu müharibədə
Azərbaycan haqlıdır. Azərbaycan tək deyil və Türkiyə hər zaman
Azərbaycanın yanındadır” söyləməsi, qardaş ölkənin Azərbaycana
verdiyi siyasi və mənəvi dəstək hər birimizi qürurlandırdı və bizi
daha güclü etdi. Zəfər paradında olduğu kimi, Müstəqillik gününü də
bərabər qeyd etmək bu birliyi bütün dünyaya göstərir.

Müstəqilliyin tarixinə gəlincə, 104 il əvvəl Müsəlman Şərqində
ilk demokratik Respublikanı Azərbaycan xalqı yaratdı. 1918-ci il
mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsində deyilirdi:
“Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi,
“Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq
müstəqil bir dövlət oldu.” Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət
göstərdi. Amma bu qısa dövr xalqımızın milli şüurunun, dövlətçilik
ənənələrinin möhkəmlənməsi tarixi oldu. Yeni qurulan Azərbaycan
Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni
layiqincə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti
təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, milli
atributlar – bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət
dili elan edildi, milli ordu formalaşdı. Müsəlman dünyasında ilk
dəfə olaraq kişilərlə bərabər, qadınlara da seçmək və seçilmək
hüququ verildi ki, bu da tarixi nailiyyət hesab olunurdu. Bu nəinki
Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa
ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi
proseslərə qoşulmaq hüququ demək idi. Bu isə Xalq Cümhuriyyəti
hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində
olduğunun növbəti təsdiqi idi”, – deyə deputat bildirib.

O qeyd edib ki, Cümhuriyyətin süqutundan sonra 70 il Sovet
rejiminin basqıları da Azərbaycan xalqının azadlıq ideallarını boğa
bilmədi.

“XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan
öz suverenliyini qoruyub saxlamağı bacardı. Tarixi varislik
üzərində yeni müstəqil Azərbaycan dövləti quruldu. Milli
dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz
xidmətləri bu gün yüksək dəyərləndirilir, onların zəngin irsi
öyrənilir və təbliğ olunur.

Müstəqil Azərbaycan Respublikası hüquqi varis kimi nəinki bütün
dövlətçilik ənənələrini bərpa etdi, həm də dünyanın ən nüfuzlu söz
sahiblərindən birinə çevrildi. Regionun lider ölkəsi omaqla
bərabər, beynəlxalq miqyasda sözünə və imzasına böyük etimad
göstərilən bir dövlətdir. Dünyanın ən nüfuzlu beynəlxalq
təşkilatlarının ən etibarlı üzvü, Avropanın enerji
təhlükəsizliyinin təminatçısı, bir-biri ilə ziddiyyətli münasibətdə
olan böyük güclərin dialoq məkanı, irqindən, dinindən asılı
olmayaraq bütün xalqların dinc və sülh şəraitində yaşadığı sabitlik
adasıdır.

Biz son 2 ildir Cümhuriyyətin qurulmasını qələbə ruhu ilə qeyd
edirik. 30 illik işğala son qoyan Azərbaycan Ordusu tarixi Zəfər
qazandı. Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın
Şuşada dalğalanması qürur verir. Prezident İlham Əliyevin üçrəngli
bayrağımızı azad edilmiş bütün bölgələrdə qürurla qaldırması
qələbəmizin təntənəsidir. Eyni zamanda, görkəmli Cümhuriyyət
xadimi, Dövlət Himnimizin musiqisinin müəllifi Üzeyir Hacıbəylinin
güllələnmiş büstünün Şuşaya qaytarılması Azərbaycan xalqının
qürurunu özünə qaytardı. Görkəmli şəxsiyyətlərimizin dünyaya
gəldiyi, fəaliyyət göstərdiyi, Azərbaycanın mədəniyyət beşiyi Şuşa
bu gün regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə
çevrilməkdədir.

Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə
edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bu müstəqilliyin
təməlindədir. Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox
böyük işlər görmüşük. Ən əsası siyasi və iqtisadi cəhətdən tam
müstəqil olmaqla öz həyatımızı bildiyimiz kimi qura bilmişik. Ona
görə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi,
müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, onu qoruyuruq və
əbədi qoruyacağıq”, – deyə K.Nurullayeva əlavə edib.

Teqlər: