Azərbaycanın əsas ticarət tərəfdaşları məlum olub

2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və
fiziki şəxsləri dünyanın 118 ölkəsindəki tərəfdaşları ilə ticarət
əməliyyatları həyata keçirib, 66 ölkəyə məhsul ixrac olunub, 111
ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, gömrük orqanlarında
qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa
çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik
qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar
ayında ölkənin xarici ticarət dövriyyəsi 3968,7 milyon ABŞ dolları
təşkil edib.

Ticarət dövriyyəsinin 2993,8 milyon dollarını və ya 75,4 faizini
ölkədən ixrac olunmuş məhsulların, 974,9 milyon dollarını (24,6
faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə
2018,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi
faktiki qiymətlərlə 1,8 dəfə, real ifadədə 17,8 faiz, o cümlədən
ixrac 25,9 faiz, idxal isə 2,8 faiz artmışdır. 2022-ci ilin yanvar
ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı
ilə müqayisədə həm faktiki qiymətlərlə, həm də real ifadədə 1,6
dəfə artaraq 232,2 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük
Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət
dövriyyəsinin 38,6 faizi İtaliya, 10,9 faizi Türkiyə, 5,8 faizi
Ukrayna, 5,1 faizi Rusiya, 3,8 faizi İsrail, hər biri 3,6 faiz
olmaqla Çin və Birləşmiş Krallıq, 3,1 faizi Qazaxıstan, 2,5 faizi
Almaniya, 2,3 faizi Çexiya, 2,2 faizi Yunanıstan, hər biri 2,0 faiz
olmaqla Tailand və İspaniya, 1,8 faizi Gürcüstan, 1,5 faizi
Rumıniya, 1,3 faizi İrlandiya, 1,2 faizi Portuqaliya, hər biri 0,9
faiz olmaqla İran və Tunis, 6,9 faizi isə digər ölkələr ilə
aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Teqlər: