Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığı genişlənir (FOTO)

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan
Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
Azərbaycanla Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlıq və
ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirakı qeyd
olunub. Vurğulanıb ki, dövlət başçısı Dünya İqtisadi Forumu ilə
əlaqələrin genişləndirilməsinə xüsusi diqqət göstərir. Nazir qeyd
edib ki, Dünya İqtisadi Forumu, eləcə də Dördüncü Sənaye İnqilabı
Şəbəkəsi ilə əməkdaşlığın uğurlu nəticəsi olaraq, Şəbəkənin
Azərbaycan Mərkəzi fəaliyyətə başlayıb. Davamlı və dayanıqlı
inkişafın Dördüncü Sənaye İnqilabının (4Sİ) tələbləri ilə sıx
əlaqəli olduğunu diqqətə çatdıran nazir Mərkəzin fəaliyyətinin
ölkəmizin mütərəqqi texnologiyalara əsaslanan sürətli inkişaf
tempinə nail olmasına, regional rəqəmsal əməkdaşlığın
genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Görüşdə 4Sİ
texnologiyaları və rəqəmsal iqtisadiyyat haqqında məlumatlılığın
artırılmasının, bu sahədə rəqabətqabiliyyətli insan kapitalının
formalaşdırılmasının önəmi diqqətə çatdırılıb.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende təşkilatın
Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib, ölkəmizin
inkişafının qlobal çağırışlarla uzlaşdığını vurğulayıb. Qeyd olunub
ki, Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin
yaradılması bu sahədə aparıcı ölkələrlə tərəfdaşlığın inkişafına,
4Sİ texnologiyalarının tətbiqinin genişlənməsinə şərait
yaradacaqdır.

Tərəflər Dünya İqtisadi Forumu ilə əlaqələrin gücləndirilməsi,
4Sİ texnologiyaları sahəsində beynəlxalq təcrübənin Azərbaycana
gətirilməsinin sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər
məsələləri müzakirə ediblər.

Teqlər: