Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu yeni televiziya kanalının açılmasını təklif edib.
İnstitutdan verilən məlumata görə, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin “AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı ilə əlaqədar AMEA-nın Tarix İnstitutu tərəfindən təkliflər hazırlanıb və institutun Elmi Şurasının iclasında səsləndirilib.
İnstitut direktoru, akademik Yaqub Mahmudovun sədrliyi ilə keçirilən Elmi Şuranın iclasında Türkiyə, Rusiya və digər ölkələrdə olduğu kimi Azərbaycanda da “Tarix” adlı yeni televiziya kanalının açılması, institut nəzdində “Sənədli filmlər studiyası”nın yaradılması təklif olunub və institutun Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi qərara alınıb.