Azərbaycanda yeni agentlik yaradılır – FƏRMAN

Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında fərman
imzalayıb.

Trend xəbər verir ki, fərmanda deyilir:

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (bundan sonra – Nazirlik):

1.1. tabeliyindəki “Geodeziya və Kartoqrafiya” Məhdud
Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Nazirliyin
tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya
Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilsin;

1.2. tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin (bundan
sonra –Xidmət) əsasında (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla)
Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi
şəxs yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Geodeziya və Kartoqrafiya Agentliyi geodeziya (xüsusi
(sahəvi) təyinatlı geodeziya istisna olmaqla) dövlət topoqrafik
xəritələrinin və planlarının hazırlanması, ümumdövlət əhəmiyyətli
məsələlərin həllini təmin edən dövlət planlarının tərtibi,
qravimetriya, kartoqrafiya və xəritəçəkmə, dövlət əhəmiyyətli
coğrafi məlumat sistemlərinin yaradılması, geodeziya (xüsusi
(sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya
fəaliyyətinə nəzarətin həyata keçirilməsi sahəsində fəaliyyət
göstərən publik hüquqi şəxsdir;

2.2. Geoloji Kəşfiyyat Agentliyi kompleks geoloji, geofiziki,
hidrogeoloji, mühəndis-geoloji, geoekoloji tədqiqatların
aparılması, yeraltı suların, faydalı qazıntı yataqlarının axtarışı,
qiymətləndirilməsi və kəşfiyyatı, yer təkinin dərinlik quruluşunun
və seysmohidrogeodinamik şəraitinin öyrənilməsi, sənaye və mülki
tikinti obyektlərinin ərazisində mühəndis-geoloji işlərinin həyata
keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

2.3. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi
şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı təsisçinin
səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə,
nizamnamələrinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının
müəyyən olunması və onların dəyişdirilməsi Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə, “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində
nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə
Nazirliyə həvalə edilir;

2.4. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi
şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və
Xidmətin (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) hüquqi
varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə
əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçir;

2.5. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi
şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət
qeydiyyatına alındığı günədək Cəmiyyət və Xidmət öz fəaliyyətini
davam etdirir və onların strukturu, işçilərinin say həddi,
əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr,
mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi
saxlanılır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi
şəxslərin nizamnamələrini Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

3.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi
şəxslər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində
Cəmiyyətin və Xidmətin balansındakı əmlakın (bu Fərmanın 4.3-cü
bəndi nəzərə alınmaqla) müvafiq olaraq həmin publik hüquqi
şəxslərin balansına verilməsini təmin etsin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Nazirlik:

4.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi
şəxslərin nizamnamələrinin layihəsini, habelə nizamnamə fondunun
məbləğinə dair təkliflərini iki ay müddətində Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi
şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri
təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

4.3. Xidmətin strukturundakı Dövlət Geoloji İnformasiya Fondunun
fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 1-ci
hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin:

5.1. cari ildə saxlanılması xərclərinin Azərbaycan
Respublikasının 2022-ci il dövlət büdcəsində Nazirlik üçün nəzərdə
tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi ilə bağlı
tədbirlər görsün;

5.2. növbəti illərdə fəaliyyətinin təşkili üçün tələb olunan
vəsaiti hər ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

Teqlər: