Azərbaycanda turizm sənayesi özünü bərpa etməyə başlayıb – Agentlik sədri (FOTO)

Şamaxı. Trend:

Müasir İpək Yolu turizm marşrutunun inkişaf etdirilməsi
ölkələrimiz arasında inkişaf etməkdə olan əlaqələrin daha da
möhkəmlənməsinə xidmət edəcək.

AzerTimes-ın məlumatına görə,
bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mayın 24-də
Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin
7-ci görüşündə qeyd edib.

Tədbirdə çıxış edən Fuad Nağıyev Azərbaycanda turizm sənayesinin
artıq özünü bərpa etməyə başladığını, ölkələrimiz arasında turizm
əlaqələrinin inkişafı və turist mübadiləsinin artırılması üçün
qarşılıqlı təbliğatın aparılmasının önəmini, ölkəmizdə gəlmə
statistikasında türk dövlətlərinin payının çoxalmasına ümid
etdiyini vurğulayıb.

O, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin tarixi
köklərlə bir-birinə bağlılığı, ortaq tarix və mədəni irsə sahib
olma kimi amillərlə yanaşı, coğrafi yaxınlıq, vizasız gediş-gəliş
və birbaşa uçuşların olmasının turizm əlaqələrinin, eləcə də
dostluq və qarşılıqlı anlaşma üzərində qurulan əməkdaşlığın
inkişafına öz töhfəsini verdiyini bildirib.

Agentlik sədri “Müasir İpək Yolu” turizm marşrutu kimi müştərək
turizm məhsullarının yaradılması istiqamətində işlərin
intesivləşdirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin azad edilmiş torpaqların böyük turizm potensialına
malik olduğunu, bu ərazilərdə Azərbaycan hökuməti tərəfindən
genişmiqyaslı quruculuq işləri aparıldığını, tezliklə Qarabağın
regional turizm destinasiyasına çevriləcəyini və azad edilmiş
ərazilərin bərpa olunması dövründə üzv ölkələrlə fəal qarşılıqlı
əlaqələrin önəmini qeyd edib.

Görüşdə “Türk Dünyası Turizm Paytaxtı təşəbbüsü” ilə bağlı
qaydaların təsdiq edilməsi və “Türk Dövlətləri Təşkilatının Turizm
üzrə Yol Xəritəsi” sənədi qəbul edilməsi planlaşdırılır.

Tədbirdə çıxış edən təşkilatın Baş katibi Bağdad Amreyev
göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək üzv ölkələr
arasına əlaqələrin bütün müstəvilərdə inkişafının turizm sahəsinə
də müsbət təsir etdiyini qeyd edib. O, Şamaxı şəhərinin 2022-ci il
üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsi münasibətilə təbrik
edib, bu təşəbbüsün davam etdirilməsinin üzv ölkələr arasında
qarşılıqlı məlumatlılığın artırılmasına töhfə verəcəyini diqqətə
çatdırıb.

Qeyd edək ki, tədbirdə ölkələr arasında turizm üzrə müxtəlif
sahələrdə, o cümlədən qış turizmi üzrə əməkdaşlıq, müştərək turizm
məhsullarının yaradılması istiqamətində əməkdaşlıq kimi məsələlər
üzrə müzakirələr aparılır.

Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə
təşkilatın Baş katibi Bağdad Amreyev, Özbəkistanın Baş Nazirinin
müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimov, Türkiyənin
mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Qazaxıstanın
mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev,
Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan
İşanquliyev, eləcə də təşkilatda müşahidəçi statusa malik
Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor
Sederkenyi iştirak ediblər. Türkmənistan mədəniyyət nazirinin
müavini Nursahet Şirimov isə tədbirə onlayn qoşulub.

Teqlər: