2021-ci ildə Azərbaycanda 3 milyon 778,2 min ton və ya əvvəlki
illə müqayisədə 9,4 faiz çox tullantı əmələ gəlib və onların 68,3
faizini bərk məişət tullantıları, 31,7 faizini isə müəssisələrin
istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar
təşkil edib.
Bu barədə AzerTimes-a Dövlət Statistika Komitəsindən məlumat
verilib.
Ötən il yaranmış 2581,2 min ton bərk məişət tullantılarının 78,3
faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 21,3
faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,4 faizi isə
ölkə daxilində satılmışdır. Məişət tullantılarından istifadə
hesabına 193,2 milyon kVt saat və ya 2020-ci illə müqayisədə 3,7
faiz az elektrik enerjisi istehsal edilib.
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə
yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının
12,3 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 34,2 faizi
ölkə daxilində satılıb, 1,8 faizi ixrac olunmuş, 6,9 faizi
zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,8 faizi isə
müəssisələrdə qalıb.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2021-ci ildə 245,2
min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi
miqdarında onların payı 6,5 faiz olub. Tullantıların 57,4 faizi
mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da
böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür.
Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 102,5
min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.