Azərbaycanda televiziya və radio yayımçılarının reklam gəlirləri açıqlanıb

Azərbaycanda televiziya və radio yayımçılarının reklam gəlirləri
haqqında məlumatlar açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə məlumat
Azərbaycanda audiovizual industriya bazarının 2021-ci il üzrə
göstəricilərində qeyd edilib.

Bildirilib ki, 2021-ci ildə ümumölkə yayımçılarının reklam
gəlirləri (ƏDV daxil olmaqla) ümumi olaraq 42.300.000 manat təşkil
edib. Bildirilib ki, onlardan 35.900.000 manat – televiziya
yayımçılarına (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, Space TV, ATV,
Xəzər TV, ARB, ARB 24, CBC Sport TV, Real TV), 6.400.000 manat –
radio yayımçılarına (Azərbaycan Radiosu, İctimai Radio, Space
Radio, Azad Azərbaycan Radiosu, 106FM, ASAN Radio, Avto FM, Radio
TMB, Radio Enerji, Xəzər FM, Araz Radiosu, Media FM) aiddir.

Qeyd edilib ki, 2019-cu və 2020-ci illər ilə müqayisədə reklam
gəlirlərinin əhəmiyyətli dərəcədə artması bir tərəfdən ölkə
daxilində iqtisadi fəallığın artması ilə, digər tərəfdən reklam
qanunverciliyinə riayət olunmasına nəzarət sahəsində Şura
tərəfindən atılmış addımların nəticəsi ilə əlaqədardır. Cari ilin
əvvəlindən müşahidə etdiyimiz vəziyyət 2022-ci ildə yayımçıların
reklam gəlirlərinin artacağını proqnozlaşdırmaq imkanı verir

Həmçinin əlavə edilib ki, 2021-ci il ərzində dövlət büdcəsindən
yayımçılara 55.700.000 manat vəsait ayrılıb.

Bunlardan 51.700.000 manat – dövlət büdcəsindən maliyyələşən
yayımçılara (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, İctimai Radio,
Azərbaycan Radiosu), 4.000.000 manat – özəl (kommersiya)
yayımçılara (Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, Real TV, Space
Radio, Azad Azərbaycan Radiosu, 106FM, Media FM, Radio Enerji,
Radio TMB) ayrılıb.

Teqlər: