Azərbaycanda son üç ildə 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda ölkə
Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun
olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə
fəaliyyətinin təkmilləşdirilməsi bağlı görülən tədbirlər müzakirə
olunub.

Şuradan AzerTimes-a bildirilib ki, qurumun sədri, ədliyyə naziri
Fikrət Məmmədov çıxış edərək ölkəmizin davamlı sosial-iqtisadi
inkişafını və aparılan mütərəqqi islahatları, şanlı qələbəmiz
nəticəsində azad edilmiş doğma torpaqlarımızın dövlət başçısının
rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın fəal iştirakı ilə misilsiz bərpa və quruculuq
işləri aparılmaqla yenidən dirçəldiyini vurğulayıb, Şuşa şəhərinin
mötəbər tədbirlərə, o cümlədən Dünya Azərbaycanlılarının V
Qurultayına – Zəfər Qurultayına ev sahibliyi etdiyini qeyd
edib.

İclasda Prezident İlham Əliyevin sədrliyi ilə bu günlərdə
keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan
müşavirədən irəli gələn məsələlər müzakirə olunub, ölkəmizdə sosial
dövlətin yeni modelinin formalaşdırıldığı, insanların yüksək
rifahının təmin olunmasının dövlət siyasətinin əsas məqsədi olduğu
bildirilib. Dövlət başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya
qarşı mübarizədə həyata keçirilən sistemli, kompleks və innovativ
tədbirlərdən danışılıb, 04.04.2022-ci il tarixli Sərəncamı ilə
təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə
dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın mühüm
əhəmiyyəti qeyd olunub.

Məhkəmə fəaliyyətində şəffaflığın artırılması, elektron
xidmətlərin tətbiqinin genişləndirilməsi, antikorrupsiya
tədbirlərinin gücləndirilməsi üzrə tədbirlərə toxunularaq Milli
Fəaliyyət Planından irəli gələn vəzifələr müəyyən edilib.

Bu mənada dövlət başçısının 2019-cu ilin aprelin 3-də imzaladığı
məhkəmə fəaliyyəti üçün mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının
qəbulundan düz 3 il ötdüyü qeyd olunaraq bu dövrdə onun icrası üzrə
görülən tədbirlər müzakirə edilib.

Məhkəmə-hüquq sahəsində inqilabi dəyişikliklərə rəvac verən
Fərmanın icrası çərçivəsində mühüm qanunlar qəbul edilib, məhkəmə
hakimiyyətinin müstəqilliyinin artırılması üzrə tədbirlər görülüb,
cəza siyasəti humanistləşdirilib, yeni regional, o cümlədən
bölgələrdə kommersiya və inzibati məhkəmələr yaradılıb, özəl
ekspertiza fəaliyyəti təsbit olunub. Məhkəmə fəaliyyətində
informasiya texnologiyaların geniş tətbiqi, məhkəmə
infrastrukturunun müasirləşdirilməsi və fəaliyyətin müasir
çağırışlara uyğun təkmilləşdirilməsi üzrə görülən tədbirlər
hüquqların məhkəmə müdafiəsinin səmərəliliyinə xidmət edib.

Eyni zamanda vahid
məhkəmə təcrübəsinin formalaşdırılması, habelə sistemli xarakter
daşıyan nöqsanların aradan qaldırılması məqsədilə qanunvericiliyə
mühüm dəyişikliklər edilib. Bu sahədə Ali Məhkəmə tərəfindən
monitorinqlərin aparılmasına dair Qaydaların təsdiq olunması
məhkəmə səhvlərinin aradan qaldırılmasında müstəsna rol
oynayıb.

Mülki-Prosessual Məcəlləyə məhkəmə icraatı zamanı çevikliyin
təmin edilməsinə, süründürməçilik, o cümlədən mümkün sui-istifadə
hallarının qarşısının alınmasına, işlərə daha səmərəli baxılmasına,
habelə müasir informasiya texnologiyalarının daha geniş tətbiqinə
yönələn, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin
yüksəldilməsinə xidmət edən 350-dək dəyişikliklər edilib.

2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minən həmin dəyişikliklərlə
kiçik iddialara dair və yazılı icraat qaydasında baxılan işlərin
dairəsi genişləndirilib, məhkəmələrdə işlərə baxılmasında lüzumsuz
yubatmaların qarşısının alınması üçün əlavə mexanizmlər yaradılıb,
prosessual müddətlər dəqiqləşdirilib, məhkəmə proseslərinin
elektron qeydi təsbit olunub.

Mübahisələrin məhkəməyə getmədən barışıq yolu ilə alternativ
həllinə nail olunması, bununla da vətəndaş məmnunluğunun
artırılması məqsədilə yeni təsisat – mediasiya institutu fəaliyyətə
başlayıb, mütərəqqi beynəlxalq təcrübə əsasında məhkəmə
rüsumlarının diferensiasiyası əsassız iddiaların azalmasına şərait
yaradıb.

Fərmanın icrası çərçivəsində həmçinin, ədalət mühakiməsinin
təkmilləşdirilməsi, hakimlərlə tədris prosesinin səmərəli təşkili,
onların vəzifədə irəli çəkilməsi, hakimlik və sədrlik fəaliyyətini
davam etdirməyə yararlılıqlarının müəyyən edilməsində mühüm
mexanizm olan “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi
Qaydaları” qəbul edilib, onun elektron-proqram təminatı
hazırlanıb.

Bununla yanaşı, məhkəmə qərarlarının elektron qaydada
anonimləşdirilərək dərc edilməsi təşkil olunub. Təkcə ötən il
“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə dərc edilən
məhkəmə qərarlarının sayı 270 mini ötüb. Həmin qərarlar üzrə
elektron axtarış sisteminin yaradılması məhkəmə təcrübəsi barədə
məlumatlılığı artırır və sistem xarakterli nöqsanların
müəyyənləşdirilməsində mühüm rol oynayır.

İclasda məhkəmələrdə işlərə daha keyfiyyətlə baxılması,
yubanmaların qarşısının alınması məqsədilə Fərmanla ayrılmış əlavə
200 yeni hakim ştatının komplektləşdirilməsi üzrə tədbirlərə də
toxunulub.

Qeyd olunub ki, hakim vəzifələrinə yüksək hazırlığa və mənəvi
keyfiyyətlərə malik hüquqşünasların seçilməsi məqsədilə mövcud
prosedurlar təkmilləşdirilib və fasiləsiz xarakter alıb.

Hazırda hakimliyə namizədlərin sənədlərinin qəbulu elektron
qaydada aparılır, test imtahanı fərdi kompüter vasitəsilə
keçirilir, nəticələr dərhal elan olunur. Ötən dövrdə şəffaf
prosedurlarla aparılan seçim nəticəsində 44 nəfər müsabiqəni uğurla
başa vurub müxtəlif hakim vəzifələrinə təyin olunublar. Yazılı və
şifahi imtahanlarda müvəffəqiyyət qazanmış digər 87 namizəd
müsabiqənin son mərhələlərindədir. Daha 250 namizədlə isə test və
şifahi imtahanların keçirilməsi üzrə təşkilati tədbirlər
görülür.

Namizədlərin tam əksəriyyətini hüququn müxtəlif sahələrində
çalışan 35 yaşa qədər olan yeni nəsil hüquqşünaslar təşkil edir.
Onların sırasında qadınların sayının artaraq 40%-ə, bəzən isə hətta
60%-ə çatması ölkəmizdə qadınların ictimai həyatın müxtəlif
sahələrində fəallığının təzahürüdür.

Fərmanla verilmiş tövsiyə və tapşırıqların icrası çərçivəsində
həmçinin, “Elektron məhkəmə” informasiya sisteminin
funksionallığının artırılması və tətbiqinin genişləndirilməsi üzrə
əsaslı tədbirlər görülüb. Hazırda məhkəmələrin üçdə ikisində tətbiq
olunan elektron məhkəmə sisteminin cari ildə bütün məhkəmələri
əhatə etməsi nəzərdə tutulur.

Bildirilib ki, məhkəməyə müraciət edilməsindən məhkəmə qərarının
icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən bu sistem
ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına və şəffaflığa
xidmət etməklə vətəndaş məmnunluğu doğurur.

Ölkə başçısının tapşırıqlarına əsasən paytaxtda və bölgələrdə
məhkəmələr üçün yeni yüksək texnoloji (hi-tech) bina və komplekslər
inşa olunub. Məhkəmə hakimiyyətinə müstəsna əhəmiyyət verən
dövlətimizin başçısı tərəfindən təkcə ötən il 11 məhkəmə üçün yeni
müasir bina və komplekslərin açılışları olub.

İclasda qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi
üzrə görülən tədbirlərlə yanaşı, hakimlərin məsuliyyət hissinin
artırılması xüsusilə diqqətdə saxlanılır.

Şuranın fəaliyyəti dövründə qanunvericiliyin tələblərinin
pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran
hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb,
ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə
sistemindən kənarlaşdırılıb. Korrupsiya hüquqpozmaları ilə bağlı 43
hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad
olunub.

Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim
məhkəmə sistemindən kənarlaşdırılıb.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yeni Qaydalarına
uyğun olaraq ötən il 220-dən çox hakimin fəaliyyəti Şura tərəfindən
prinsipial qiymətləndirilib, aidiyyəti materiallar əsasında zəruri
təhlillər aparılıb. 5 nəfərin fəaliyyəti qeyri-məqbul
qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 14 nəfərin
fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq təkrar
qiymətləndirilmələri qərara alınıb.

Məhkəmələrdə qeyri-prosessual münasibətlərin qarşısının
alınması, onları doğuran səbəblərin aradan qaldırılması məqsədilə
Şura tərəfindən yerlərdə davamlı monitorinqlər və vətəndaşların
qəbulu aparılır. Bilavasitə yerli məhkəmələrdə apellyasiya
məhkəmələrinin sədrləri tərəfindən vətəndaşların mütəmadi qəbulunun
keçirilməsi təşkil olunub.

Eyni zamanda, Məhkəmə-Hüquq Şurasına, o cümlədən dövlət
başçısının Fərmanına əsasən Şurada yaradılmış “Qaynar Xəttə” daxil
olan müraciətlərin araşdırılması nəticələri üzrə vətəndaşların
haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə təkcə
ötən il 130-dan çox hakim rəsmi xəbərdar edilib və bu, onların
fəaliyyətlərinin qiymətləndirilməsində nəzərə alınıb, təkrar belə
pozuntulara görə isə intizam icraatları başlanılıb.

Bununla yanaşı, yuxarı məhkəmələr təcrübəli və peşəkar
hakimlərlə möhkəmləndirilib, o cümlədən ötən il bütün apellyasiya
məhkəmələrinin sədrləri dəyişdirilib.

Görülən tədbirlər məhkəmələrdə baxılan işlərin keyfiyyətinə də
təsirsiz ötməyib, təmin edilən iddiaların və yekun məhkəmə
qərarların sabitliyi artıb.

Eyni zamanda Şurada ölkə Prezidentinin məhkəmə fəaliyyətində
ədalət, qanunçuluq, qərəzsizlik, hər kəsin qanun və məhkəmə
qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə
dönmədən riayət edilməsi, korrupsiya və digər neqativ hallara qarşı
mübarizənin gücləndirilməsi ilə bağlı qəti tapşırıq və tövsiyələri
bir daha diqqətə çatdırılıb.

Şura üzvü, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək yuxarı
məhkəmələr tərəfindən qanun pozuntularına ciddi reaksiya verilməsi,
korrupsiya və digər neqativ hallara qarşı barışmaz münasibət
göstərilməsinin vacibliyini vurğulayıb, bu sahədə qarşıda duran
mühüm vəzifələrə toxunub.

İclasda həmçinin, fəaliyyətində bundan əvvəl peşəkar
çatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrar
qiymətləndirilərək 4 nəfərin işində dönüş yaratmadıqlarına görə
səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.
Qanunvericiliyin tələblərinin pozulmasına görə apellyasiya
məhkəmələrinin 4, Bakı ağır cinayətlər məhkəməsinin 3 hakimi
intizam məsuliyyətinə cəlb olunub.

Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmalara,
süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə
görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi
barədə intizam icraatı başlanılıb.

Teqlər: