Azərbaycanda şərab turizminin inkişaf etdirilməsi üçün işlər görülür

Xəbər - Çingiz Səfərli – Trend:

İter Vitis Qafqaz marşrutunun həyata keçirilməsi istiqamətində işlər aparılır.

Bunu AzerTimes-a açıqlamasında Dövlət Turizm Agentliyinin sektor müdiri Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənova deyib.

O bildirib ki, şərabçılıqla bağlı olan bu marşrut Rusiyanın Krasnadar vilayətindən başlayır, Azərbaycan ərazisinə keçir və Gürcüstanda başa çatır:

“Hazırda ölkədə 15-də çox şərab zavodu fəaliyyət göstərir və ən müasir texnologiyalarla şərab hazırlanır. Azərbaycanda bu marşrut Bakıda start götürür, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və Tovuzu əhatə edir. Biz bunu bir qədər də uzadaraq, Balakəni də marşruta daxil edəcəyik. İter Vitis Qafqaz marşrutu üzrə Gürcüstanla danışıqlar aparılır. Biz öz təkliflərimizi hazırlamışıq, Gürcüstan da təkliflərini hazırladıqdan sonra birləşmiş versiyanı təqdim edəcəyik. Bu, Qafqaz üçün yenilikdir, çünki birləşmiş marşrutlar hələ ki, yoxdur. Azərbaycan-Gürcüstan-Ermənistanı əhatə edən ümumi mədəni marşrutlar təklif olunur, lakin belə tematik marşrut indiyə kimi olmayıb. Ona görə də bu, yeni və innovativ marşrutdur”.

Ş.Həsənəvo onu da əlavə edib ki, şərabla bağlı Qarabağ regionu üzrə də işlər görüləcək və gələcəkdə buranı da marşruta əlavə edəcəklər:

“Bilirsiniz ki, Qarabağın da şərabı məşhurdur. Burada vaxtilə müxtəlif yerli sort üzümlər yetişdirilib. Məsələn, “Xindoqnı” sortu təkcə burdadır. Uzun illər ermənilər ondan kütləvi şəkildə istifadə edib, müxtəlif şərab markaları çıxarıblar. Hansılar ki, indi dünyada ekzotik şərab məhsulları kimi tanınır. Nə xoş ki, biz indi buranı öz məhsulumuz kimi iter vitisə daxil edəcəyik. Onu da qeyd edim ki, iter vitis marşrutunun məğzi təkcə şərabı dequstasiya etmək deyil, eyni zamanda yerli üzüm sortlarını təqdim etmək və bununla bağlı mədəni irsi tanıtmaqdır”.

Twitter:@cingizsafarli

Teqlər: