Azərbaycanda saxlanılan erməni terrorçuların məhkəməsi keçirilib

Xəbər - Samir Əli – Trend:

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları – Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.

Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək onlar cinayət başında yaxalanıb. Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan edilib.


Məhkəmə təqsirləndirilən şəxslərin terrorçuluqda, qanunsuz sərhəd keçmə, təxribat törətmə və qanunsuz odlu silah daşımaqda ittiham olunduğunu bildirib.

Daha sonra prosesdə şahidlər dindirilib.

Məhkəmə prosesi yanvarın 24-də davam etdiriləcək.

Teqlər: