Azərbaycanda quş qripi ilə bağlı monitorinqlərin nəticəsi açıqlanıb (FOTO)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
respublika ərazisinin köçəri quşların yaz və payız miqrasiya
marşrutlarının üzərində yerləşdiyini və müxtəlif ərazilərimizdə
onların daimi və müvəqqəti məskənlərinin olmasını nəzərə alaraq,
yüksək patogen quş qripi xəstəliyinə qarşı dövri olaraq
epizootoloji monitorinqlər keçirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, monitorinqlərin
keçirilməsi üçün Agentlik Aparatının, Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutunun (AQTİ), Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan
Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin (HSBXM), Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji
Müxtəlifliyin Qorunması Xidmətinin (BMQX) və Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara
Nəzarət Mərkəzinin (XTİNM) əməkdaşlarından ibarət İşçi Qrupu
yaradılıb.

2022-ci ilin 11-15 aprel tarixlərində keçirilmiş monitorinqlərdə
Agentliyin, HSBXM-nin və yerli Heyvan Sağlamlığı və Baytarlıq
Xidmətləri idarələrinin, XTİNM-nın, BMQX-nin ərazi üzrə ovçuluq
təsərrüfatı və milli parklarının əməkdaşları və mütəxəssisləri
iştirak edib.

Monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və
Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan,
Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl,
Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və
digər ərazilərdə çöl quşlarına ümumi baxış keçirilib.

Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 57 baş müxtəlif
növ çöl quşu ovlanıb və onlardan patoloji materiallar götürülüb. Bu
müddətdə Bakı şəhərindəki, Xaçmaz, Siyəzən, Lənkəran, Ucar,
Beyləqan, Neftçala, Hacıqabul və Abşeron rayonlarındakı 12 sənaye
əsaslı iri və kiçik həcmli quşçuluq müəssisəsində 120 baş quşdan,
Bakı şəhəri, Abşeron, Qobustan, Şabran, Xızı, Ağcabədi, Salyan və
Lənkəran rayonlarındakı ailə təsərrüfatlarından isə müxtəlif növ
400 baş ev quşundan laboratoriya müayinəsi üçün qan nümunələri
götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji
məlumatlar toplanıb. Çöl və ev quşlarından götürülmüş nümunələr
AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib.
Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili
nəticəsində YPQQ xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli
klinik əlamətləri olan quşa rast gəlinməyib.

Qeyd edək ki, quşçuluq təsərrüfatlarında kütləvi tələfata səbəb
olan və böyük iqtisadi itki ilə nəticələnən yüksək patogen quş
qripi (YPQQ) xəstəliyi insanlar üçün təhlükə törədən zoonoz
xəstəlikdir və ciddi epizootoloji risk kimi qiymətləndirilir.
Xəstəliyin yayılmasına sənaye əsaslı iri və kiçik həcmli quşçuluq
müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan müxtəlif növ
ev quşları, köçəri və daimi məskunlaşmış çöl quşları səbəb
olur.

Teqlər: