Bakıda keçirilən “Humanitar minatəzimləmə fəaliyyəti və
Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfransın
yekun qənaətləri açıqlanıb.
AzerTimes-ın məlumatına görə,
tədbir iştirakçıları Azərbaycan Hökumətinə, Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyinə və BMT-nin İnkişaf
Proqramına konfransın təşkil edilməsinə görə və bütün iştirakçılara
əməkdaşlığa və dəstəyə görə səmimi minnətdarlığını bildiriblər.
Konfransın məqsədi minatəmizləmə sahəsində fəaliyyət göstərən
beynəlxalq ictimaiyyət nümayəndələrini, minatəmizləmə təşkilatları,
dövlət qurumları və vətəndaş cəmiyyətini təmsil edən əsas
tərəfdaşları bir araya gətirərək minaların insan həyatına və
əminamanlığa yaratdığını təhlükələrin qarşısını almaq üçün
humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini müzakirə etmək
olub.
Konfransda humanitar minatəmizləmə fəaliyyətinin davamlı sülhün
bərqərar olunmasında və sosial-iqtisadi inkişafın əldə edilməsində
rolu və BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata
keçirilməsi, xüsusilə “zorakılığın bütün formalarını və əlaqədar
ölüm hallarının əhəmiyyətli dərəcədə azaltmağı” hədəf qoyan 16-cı
DİM-in icrası arasında əlaqələrin araşdırılması diqqət mərkəzində
tutulub.
Zəngin mədəniyyətlər-arası və multidissiplinar bilik və təcrübə
mübadiləsi mühitində keçirilmiş konfransda dünyada tətbiq edilən ən
mütərəqqi texnologiyalarla bağlı qabaqcıl praktikalara, eləcə də
intensiv minatəmizləmə fəaliyyətləri nəticəsində əldə olunan
nəticələrə dair geniş müzakirə aparılıb, hazırda münaqişədən
əziyyət çəkmiş bölgələrdə iri bərpa və quruculuq işləri aparan
Azərbaycan üçün bu təcrübələrin olduqca dəyərli olduğu
vurğulanıb.
Konfransın nəticələri və tövsiyələri maraqlı tərəfləri
işbirliyini gücləndirməyə və daha geniş əməkdaşlıq naminə imkanları
nəzərdən keçirməyə çağırır. Milli səviyyədə minatəmizləmə forumu
kimi donor əlaqələndirmə mexanizmlərinin qurulması təklif edilir.
Texniki səviyyədə başlıca çağırışları (Ərazinin minalardan azad
edilməsini, İnformasiya idarəetməsini, Partlayıcı sursatların
təhlükəsinə dair maarifləndirməni, Qurbanlara yardımı) əhatə etmək
üçün sahəvi işçi qruplarının yaradılması tövsiyə olunur.
Konfransın sənədləri və müzakirələrin icmalı, müəyyən edilmiş
problemlər və imkanlar və növbəti addımlara dair tövsiyələr toplu
şəklində dərc edilərək, geniş auditoriyanın sözügedən sahənin
inkişafı barədə məlumatlılığını təmin etmək və, ən əsası, humanitar
minatəmizləmə proqramlarına davamlı yatırımların əhəmiyyətini
anlamaq imkanını qazandıracaq.
İştirakçılar qeyd edirlər ki, konfransda təşviq edilmiş
çoxtərəfli və multidissiplinar yanaşma sülh quruculuğu, dayanıqlı
inkişaf və humanitar minatəmizləmə fəaliyyətlərində beynəlxalq
əməkdaşlıq baxımından yeni fürsətlər açır.
Qəbul edirlər ki, bütün səviyyələrdə tərəfdaşlıqlar qurulmadan
humanitar minatəmizləmə fəaliyyətinin dayanıqlığını təmin etmək
mümkün deyil.
Təsdiq edirlər ki, Azərbaycanda humanitar minatəmizləmə
proqramları üçün zamanında və davamlı maliyyəşməni təmin etmək üçün
dayanıqlı dəstək və maliyyə mexanizmləri yaradılmalı və
layihə-əsaslı maliyyə strukturlarından inteqrasiya edilmiş
mexanizmlərə keçidin zərurəti qəbul edilməlidir.
Tövsiyə edirlər ki, minatəmizləmə və hamı üçün daha yaxşı,
təhlükəsiz və dayanıqlı gələcəyə doğru ölçüləbilən irəliləyişlər
arasında sinergiyanı gücləndirmək və ondan yararlanmaq məqsədilə
humanitar minatəmizləməni ehtiva edən yeni Dayanıqlı İnkişaf
Məqsədinin qəbul edilməsi nəzərdən keçirilsin.
Qəbul edirlər ki, humanitar minatəmizləmə fəaliyyəti dayanıqlı
inkişaf baxımından olduqca vacibdir və həyatların xilas edilməsi,
xəsarətlərin qarşısının alınması, infrastruktur, təhsil və kənd
təsərrüfatı sahələrinin bərpası üçün həlledici əhəmiyyət kəsb edir
və, bundan əlavə, münaqişədən təsirlənən bölgələrdə davam edən
bərpa və quruculuq səylərini dəstəkləmək naminə humanitar
minatəmizləmə sahəsində Azərbaycana göstərilən yardımların
gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edirlər ki,
partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və mina
qurbanlarına yardım bütün minatəmizləmə fəaliyyətlərinin mühüm və
tərkib hissəsini təşkil etməlidir.
Dərk edirlər ki, humanitar minatəmizləmə sahəsində potensialın
artırılması və təcrübə mübadiləsi davamlı münasibətlər və etibar
əsasında təşəkkül tapan və uzunmüddətli öhdəlikləri şərtləndirən
davamlı bir prosesdir.
Əlavə olaraq qəbul edirlər ki, potensialın artırılması və
təcrübə mübadiləsi bütün maraqlı tərəflər arasında davamlı dialoqu
və maarifləndirməni tələb edir və, beləliklə, bu konfransın
humanitar minatəmizləmə sahəsində praktiki təcrübənin və çıxarılan
nəticələrin davamlı mübadiləsi üçün bir platforma təşkil etdiyini
nəzərə alaraq, onun Azərbaycanda müntəzəm olaraq illik əsasda
keçirilməsini tövsiyə edirlər.
Nəticələr və tövsiyələr Azərbaycanda 31 mart – 1 aprel 2022-ci
il tarixlərində keçirilmiş “Humanitar minatəzimləmə fəaliyyəti və
Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfransın
iştirakçıları tərəfindən razılaşdırılıb. Qeyd edək ki, konfransda
37 ölkənin nümayəndələri iştirak ediblər.