Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşa bilər

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda kənd təsərrüfatı ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişiklik ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaradacaq..

AzerTimes-ın məlumatına görə, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üzrə Vergi Məcəlləsinə təklif edilmiş növbəti dəyişikliklərdən biri kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir edən xərc elementlərinin azaldılmasına və beləliklə də daxili bazarda qiymətlərin enməsi üçün iqtisadi zəminin yaradılmasına yönəlmiş dəyişikliklərdir.

Layihəyə əsasən, 2022-ci ilin 1 yanvar tarixindən 3 il müddətində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlərin ƏDV-dən azad edilməsi təklif olunur.

Bu istiqamətdə birinci dəyişiklik – kənd təsərrüfatı məhsullarının bütün satış zənciri üzrə ƏDV-nin həmin məhsulların tam dəyərindən deyil, tətbiq edilən ticarət əlavəsindən hesablanmasıdır. Mövcud vəziyyətdə istehsalçıdan alınan kənd təsərrüfatı malları ƏDV-dən azad olunan əməliyyatla alındığı üçün həmin malların sonrakı satışı 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilirdi. Təklif olunan dəyişiklik nəticəsində ƏDV bu malların ticarət əlavəsindən hesablanacağı üçün ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaqdır.

Bu istiqamətdə ikinci dəyişiklik – kənd təsərrüfatı məhsullarının istehsal üzrə ƏDV-li xərc elementlərinin ƏDV-dən azad olunması (kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin və onlara kənd təsərrüfatı texnikasının icarəyə (lizinqə) verilməsinin ƏDV-dən azad edilməsi) istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsi ilə nəticələnəcəkdir ki, bu da qiymətlərin azalmasına təsir edəcəkdir.

Dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Teqlər: