Azərbaycanda istixana sistemində innovativ işıqlandırma tətbiq olunacaq (FOTO)

Azərbaycanda istixana sistemlərində innovativ işıqlandırma
texnologiyalarının tətbiqinə start verilir. Bu gün Kənd Təsərrüfat
Nazirliyi tabeliyində Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Meyvə və
Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası, “Signify” və
“Grow Group” şirkətləri arasında innovativ işıqlandırma
texnologiyalarının istixanalarda tətbiqinə dair müqavilənin
imzalanma mərasimi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
mərasimdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib
ki, dövlətin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində aqrar
sahənin davamlı inkişafı davam edir. Aqrar ixracatda tərəvəz
məhsullarının xüsusi çəkisi var, bu isə kənd təsərrüfatı
məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi aqrar sahədə
innovasiyaların tətbiqini vacib edir: “Azərbaycanın kənd
təsərrüfatı məhsullarının ixracatında tərəvəz məhsullarının xüsusi
yeri var. İxrac olunan pomidorun və digər tərəvəz məhsullarının çox
böyük hissəsi istixana şəraitində yetişdirilən məhsullardır.
Tərəvəz ixracı üzrə ixtisaslaşmış Azərbaycanda fəaliyyət göstərən
istixanalar da texnoloji nöqteyi nəzərdən digər ölkələrdəki
istixanalarla rəqabətə hazır olmalıdır. Həm ərzaq istehsalını
artırmaq, həm xarici bazarlarda rəqabətə davam gətirmək baxımından
ölkəmizdə müasir texnologiyalara əsaslanan istixanaların qurulması
vacibdir. Hazırda müasir tərəvəz istixanalarında ən geniş yayılmış
texnologiyalardan biri LED işıqlandırma sistemidir. Bu
texnologiyanın tətbiqi nəticəsində hər hektardan 150-200 ton əlavə
pomidor və digər tərəvəz məhsulları götürülür. Eyni zamanda yüksək
keyfiyyətli tərəvəzi ilboyu istehsal edə biləcəyik, bu təkcə
tərəvəz istehsalını deyil, ölkəyə daxil olan valyutanın həcmini də
artıracaq”.

Tədbirdə “Signify” şirkətinin Mərkəzi və Şərqi Avropa regionu
üzrə kommersiya direktoru Uim Striqs innovativ işıqlandırma
vasitələrinin tətbiqinin müasir istixana tərəvəzçiliyində
məhsuldarlığa müsbət təsir göstərməsi ilə bağlı təqdimatla çıxış
edib. Uim Striqs qeyd edib ki, innovativ işıqlandırma vasitələrinin
tətbiqi istixanalarda yetişdirilən məhsulların kəmiyyət və
keyfiyyət göstəricilərini yüksəldir.

Mərasimdə çıxış edən digər natiqlər bildiriblər ki, müasir
işıqlandırma sistemləri ilə təchiz olunan istixanalarda məhsul
istehsalının artımı tərəvəz məhsullarının, xüsusilə də pomidor
ixracının artmasına müsbət təsir göstərəcək.

Daha sonra innovativ işıqlandırma texnologiyalarının
istixanalarda tətbiqi ilə bağlı müqavilə imzalanıb. İlkin mərhələdə
bu texnologiyaların “Buta Group” və “Grow Group” şirkətlərinə
məxsus istixanalarda tətbiqi ilə bağlı elektrik enerjisi
təminatında dövlət tərəfindən müvafiq dəstək və güzəştlər
göstəriləcək. Bu pilot layihənin gələcəkdə əhatə dairəsinin
genişlənməsi məhsul artımı göstəricilərindən asılı olacaq.

Tədbir çərçivəsində Aqrar İnnovasiya Platformasının təqdimatı da
keçirilib. Təqdimat mərasimində rəqəmsallaşma və innovasiya ilə
bağlı layihələrin hər zaman prioritet hesab edildiyi, məhz bu
səbəbdən sözügedən platformanın ərsəyə gəlməsində yaxından iştirak
etdiklərini vurğulanıb.

Aqrar İnnovasiya Platforması innovativ layihələrin qəbulu, emalı
və icra mərhələlərinin izlənməsi üçün nəzərdə tutulan,
istifadəçilər tərəfindən asan interfeysə malik olan bir
platformadır. Bu platforma kənd təsərrüfatı məhsul
istehsalçılarını, şirkətləri, yerli və beynəlxalq təşkilatları bir
araya gətirəcək. Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə
yaradılan bu platformanın məqsədi fermerlərin ideya və
təşəbbüslərinin dəstəklənməsi və aqrar sahənin innovativ əsaslarla
inkişafını təmin etməkdən ibarətdir. Platforma vasitəsilə aqrar
sahədə innovativ layihələrini təqdim edən fiziki və hüquqi şəxslər
dövlət və özəl sektor tərəfindən dəstəklənərək layihələrini
reallaşdıra biləcəklər.

Teqlər: