Ötən gün (29 sentyabr) Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə qəbul imtahanlarında tətbiq ediləcək yeniliklər açıqlanıb.
Təhsil eksperti Kamran Əsədov yeni model barədə açıqlama verib.
O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş 2019-cu ilin qəbul imtahanları üçün ixtisas fənləri ilə bağlı müəyyən uyğunsuzluqlar var: “ Belə ki, təmayüllər üzrə siniflər bölünəndə riyaziyyat-iqtisadiyyat, yəni II Qrup istiqamətində dərslərdə Ümumu tarix nəzərdə tutulmayıb və dərs setindən çıxarılıb. Yeni qaydalarda isə II qruplarda Ümumi tarixdə daxil olmaqla Tarix fənnindən imtahan olacaq. Əvvəllər isə Azərbaycan tarixindən imtahan olurdu.
Yəni, 2019-cu ildə şagird təmayüldə keçirilməyən fənndən imtahan verməli olacaq. Bundan başqa, 2019-cu ildə tətbiq olunacaq yenilikdə ixtisas qrupundakı fənlərdə say uyğunsuzluğu var.
DİM elan etmişdi ki, abituriyentlər 3 fəndən buraxılış, 3 fəndən də qəbul imtahanı verəcəklər. Lakin elan olunmuş ixtisas qruplarında bu gözlənilməyib. Təklif olunan yenilikdə bu vəziyyət yaranıb:
I mərhələ buraxılış imtahanları 3 fənn üzrə (Azərbaycan dili (rus dili), riyaziyyat, xarici dil)
II mərhələ I qrup (riyaziyyat, fizika, kimya) Amma buraxılış imtahanında riyaziyyatın olduğunu nəzərə alsaq, 2 fənn və ümumi 5 fənn
II qrup (riyaziyyat, coğrafiya, tarix (Azərbaycan və Dünya tarixi) Amma buraxılış imtahanında riyaziyyatın olduğunu nəzərə alsaq, 2 fənn. Lakin nəzərə alsaq ki, orta məktəbdə ümumi tarix və Azərbaycan tarixi ayrı-ayrı fənlərdir, Onda belə çıxır ki, 7 fənn olacaq, çünki 3 fənn də buraxılış imtahanlarındadır.
III qrup (Azərbaycan dili, Tarix (Azərbaycan və Dünya tarixi), ədəbiyyat) Burada da 7 fənn olur, çünki 3 fənn də buraxılış imtahanlarındadır.
IV qrup (kimya, fizika, biologiya) Ən çətin qrup olaraq qalacaq. Çünki 3 fərqli fəndən buraxılış və qəbul imtahanı verəcəklər ki, 4-cu qrupda həqiqətən də 6 fənn prinsipi gözlənilib”.
Onun sözlərinə görə, yeni qaydalarda uyğunsuzluq bununla bitmir: “Heç bir ixtisas qrupunda Xarici dil fənni yoxdur. Digər qrupları anlamaq olar. Amma II və III qrupda Xarici dilin olması zəruri idi. Düzdür, buraxılış imtahanlarında Xarici dil fənni var, lakin buraxılış imtahanlarında istifadə olunan test tapşırıqlarının səviyyəsi ilə qəbul imtahanları eyni səviyyədə deyil . Belə ki, buraxılış imtahanları bir az sadə təşkil olunur. Çünki, buraxılış imtahanlarının iştirakçılarının heç də hamısı qəbul imtahanlarında iştirak etməyəcəklər. Onların bəzisi təhsilini orta ixtisas təhsili müəssisələrində, bir qismi də xarici ölkələrdə davam etdirəcək”.