Marsa bir milyon adam gedə biləcək

Marsa bir milyon adam gedə biləcək

“SpaceX” kompaniyası Marsa və Yerin bir nöqtəsindən digər nöqtəsinə uçmaq üçün yeni çoxməqsədli raket hazırlayır. Bunu kompaniyanın yaradıcısı İlon Mask Avstraliyada keçirilən astronavtika üzrə beynəlxalq konqresdə bildirib.

BFR adı verilən yeni raketin hazırlanmasında kompaniyanın bütün nailiyyətlərindən istifadə edilməsi planlaşdırılır.

Uzunluğu 100, diametri isə 9 metr olacaq yeni raketdə 31 mühərrikin quraşdırılması nəzərdə tutulur. Onun 120 sərnişin və 150 ton yük daşıyacağı bildirilir. BFR saatda 29 min kilometr sürətlə hərəkət edəcək.

“Yer kürəsinin əksər yerlərinə 30 dəqiqəyə, istənilən nöqtəsinə isə 60 dəqiqədən az vaxt ərzində çatacaqsınız. Biletin qiyməti təxminən təyyarə qiymətinə bərabər olmalıdır”, – deyə Mask bildirib. Onun fikrincə məsələn, Sidneydən Sürixə uçuş təxminən 50 dəqiqə çəkəcək. Bu raketdən, həmçinin Mars və Aya uçuşlar üçün də istifadə olunacaq. Yeni texnologiya Yerin peykində baza qurmaq üçün Aya və geriyə uçuşlar həyata keçirməyə də imkan verəcək.

Kompaniya 2022-ci ildə Marsa iki kosmik yük gəmisi göndərməyi planlaşdırır. Bu müddət ərzində planetdə məskunlaşma və su axtarışı ilə bağlı mümkün texniki problemlərin tədqiqatı aparılacaq. Marsın məskunlaşması planı çərçivəsində yaradılacaq yeni nəqliyyat sistemi 100 nəfəri 80 günə Qırmızı planetə çatdırmağa imkan verəcək, sonradan isə uçuş müddəti 30 günədək qısaldılacaq.

Mask deyib ki, səfər xərclərini təmin etmək üçün Marsdakı koloniyada 1 milyon insan yaşamalıdır. Bu isə təxminən 100 il vaxt apara bilər. Qırmızı planetə ilk pilotsuz uçuş isə 2018-ci ilə planlaşdırılır.