Azərbaycanda ilk dəfə Qarabağ atlarının auksion satışı həyata keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq “Aqroservis” Açıq Səhmdar
Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş
Kompleksində Qarabağ cins atlarının auksion vasitəsi ilə satışı
həyata keçiriləcək.

Bu barədə AzerTimes-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Aprelin 15-də keçiriləcək auksionda həm yerli, həm də xarici
təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Hərraca
yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılacaq və satış
auksion formatına uyğun olaraq həyata keçiriləcək. Bununla yanaşı
kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar
veriləcək. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və
sığorta şirkəti tərəfindən sığortalanacaq.

Məlumat üçün bildirək ki, Qarabağ atları yüksək qaçış sürəti ilə
seçilir. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi
geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür,
çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın
və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu
orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur.
Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil.

Qeyd edək ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin
fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins
heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins
heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq
təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla
onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin
yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında
koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışını
həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün
sığorta şirkətləri fəaliyyət göstərir. Bu müasir kompleks heyvan
alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan
edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi
prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin
operativliyi və şəffaflığı təmin edilir.

Hərracda iştirak etmək istəyənlər elan verildiyi gündən 1659
satış mərkəzinə müraciət edib qeydiyyatdan keçə bilərlər.

Teqlər: