Azərbaycanda ilin ilk beynəlxalq yarışı başlanır

Azərbaycanda beynəlxalq yarışlara bu gün batut gimnastikası üzrə
Dünya Kuboku ilə start veriləcək.

Trend xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək
yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.

Onlar Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları
əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat
mərhələsi, ertəsi gün kişilər arasında ikinci təsnifat, həmçinin
kişi və qadınlar arasında final mərhələləri keçiriləcək.

Azərbaycanı yığma komandanın üzvü Selcan Mahsudova təmsil
edəcək.


Tanınmış batutçulardan isə Belarus təmsilçiləri, Rio-2016 Yay
Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionu, Avropa
Oyunlarının qalibi, dünya çempionu Vladislav Qonçarov, Tokio-2020
Yay Olimpiya Oyunlarının qalibi İvan Litvinoviç, 5 qat dünya və 5
qat Avropa çempionu Oleq Ryabtsov, Rusiya təmsilçisi, 2021-ci dünya
çempionatının gümüş mükafatçısı və Avropa çempionu Yana Lebedeva,
İsveç təmsilçisi, üç qat dünya və Avropa çempionu Lina Syoberq,
Avstriya təmsilçisi, yeniyetmələr arasında Olimpiya Oyunlarının
bürünc mükafatçısı Benni Vizani, Gürcüstan təmsilçisi, Avropa
Oyunlarının gümüş mükafatçısı Lyuba Qolovina Dünya Kubokunda
mübarizə aparacaq.

Yarış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ
Qərargahın xüsusi icazəsi ilə ölkədə tətbiq edilən mövcud karantin
qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və
tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, yeni olimpiya tsiklində batut gimnastikası üzrə
yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda
ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və
iştirakçı sayından asılı olaraq, ikinci təsnifatda müvafiq olaraq
16 və ya 24 iştirakçı olur. Qeyd edək ki, batut gimnastikası
Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ
üzrə Dünya Kuboku Bakıda artıq beşinci dəfədir ki, təşkil
olunur.

Teqlər: