Azərbaycanda idman uğurla inkişaf edir – Rauf Əliyev

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il 5 mart Bədən
Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd
olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider
Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının
qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib.
Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni
strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin
Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də
böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması
sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq
beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə
çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün
Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman
ailəsində layiqli yerini tutub. Bu barədə cənab Prezident İlham
Əliyev demişdir: ”Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi
tanınır. Bizim idman sahəsində nəticələrimiz, uğurlarımız,
qələbələrimiz, eyni zamanda idmana dövlət tərəfindən göstərilən
dəstək, dövlət proqramlarının icrası, əlbətdə ki, beynəlxalq idman
qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki,
Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq
federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident
İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində
Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə
idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır.
Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi
həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına
göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının
möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman
bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu
qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında
qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. Əgər
2000-ci ildə idmançılarımız Sidney Olimpiyadasında 3 medal
qazanmışdılarsa, 2016-cı ildə RİO Olimpiyadasında bu medalların
sayı 18-ə çatdı. Azərbaycan komandası medalların sayına görə 206
dövlət arasında 14-cü yeri tutdu. Bakıda 2015-ci ildə I Avropa
Oyunları, 2017-ci ildə IV- İslam Həmrəyliyi Oyunları çox yüksək
səviyyədə təşkil olunmuşdu. Bakı şəhəri artıq neçə illərdir ki,
izləyici kütləsi 1-2 milyard arasında dəyişən bir yarışa, “Formula-
1” yarışlarına ev sahibliyi edir. Bu yarışın ölkəmiz üçün şox böyük
faydası var. Bu yarışlar keçirilən zaman Azərbaycana kütləvi turist
axını olmuşdur. Aydın məsələdir ki, bu sadəcə turizm sektorunun
deyil, həm də bir çox digər sahələrin daha da inkişafı
deməkdir.

İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya
İdman kompleksləri tikilib, idman mərkəzləri uğurla fəaliyyət
göstərir.

İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda
mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu,
Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm
idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi
beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün
əlverişli məkana çevirib.
Azərbaycanın idmanının tarixində ən mühüm hadisələrdən biri də ötən
il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup
görüşlərinin üç, dörddəbir finalın isə bir oyununun Bakıda
keçirilməsi olub. Bakı bu mötəbər idman yarışına ev sahibliyi edən
12 Avropa şəhərindən biri kimi tarixə düşdü. Bu idman yarışı
ölkəmizdə yüksək səviyyədə təşkil edildi.

Bu gün ölkəmizdə idman və bədən tərbiyəsi təkcə yeniyetmə və
gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər,
ibtidai məktəblər səviyyəsində inkişaf etdirilir. “Bədən Tərbiyəsi
və İdman haqqında “ Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə
inkişafını, həm də bu inkişafın sistemliyini təmin edir. Qanunda
göstərilir ki, bu sahədə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi
və idmanın hüquqi bazasını, bədən tərbiyəsi və idmanın inkişafının
təmin edilməsini, yüksək dərəcəli idmançıların hazırlanması üçün
bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri
sistemini yaratmaqdan ibarətdir.

Bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına
yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin
rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə
olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara
göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab
verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük
nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır.
Bütünlükdə, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata
keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda
idman bundan sonra da uğurla inkişaf edəcək.

Rauf Əliyev,
Milli Məclisin deputatı

Teqlər: