Azərbaycanda Gürcüstandakı kimi güclü zəlzələ gözlənilmir – Qurban Yetirmişli

Xəbər - Fərid Zöhrabov – Trend:

Dünən Gürcüstan ərazisində baş verən güclü zəlzələnin yaxın
ərazilərdə də hiss olunması təbiidir.

Bunu Trend
açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş
direktoru Qurban Yetirmişli deyib.

O qeyd edib ki, yeraltı təkan Gürcüstanın dağlıq Cavaxeti
bölgəsində qeydə alınıb. Zəlzələ dağlıq ərazilərdə baş verdiyi üçün
ciddi fəsadlar törətməyib.

Q.Yetirmişli bildirib ki, zəlzələnin episentri Azərbaycanla
sərhədə yaxın olduğu üçün qərb rayonlarında – Qazax, Ağstafa,
Gədəbəy Gəncə ərazilərində daha çox hiss edilib.

“Azərbaycanda yeraltı təkanlar hər gün qeydə alınır. Buna
baxmayaraq ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı
yoxdur. Təşvişə də ehtiyac yoxdur”, – deyə Q. Yetirmişli
bildirib.

Qeyd edək ki, dünən yerli vaxtla saat 22:25-də Gürcüstan
ərazisində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ
Azərbaycanın sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.

Teqlər: