Azərbaycanda fəaliyyət göstərən QHT-lər Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Bəyanat yayıb

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
(QHT) Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Bəyanat
yayıb.

Trend xəbər verir ki, bəyanatda deyilir:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə SSRİ silahlı
qüvvələrinin Xankəndi şəhərində yerləşən 366-cı alayının şəxsi
heyəti və erməni separatçılarının iştirakı ilə Xocalı şəhərinin
dinc əhalisinə qarşı soyqırım törədildi. 7000-dən çox əhalisi olan
Xocalı şəhəri yerlə-yeksan edildi, əhali azərbaycanlı-türk
olduqlarına görə kütləvi surətdə qətlə yetirildi. Erməni
separatçıları dinc əhaliyə qarşı ən ağır, ən amansız üsullardan
istifadə edərək XX-əsrin ən faciəli qətliamlarından birini
törətdilər. Nəticədə Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər
sakini zorakılıqla qovulmuş, 1275 insan əsir və girov götürülərək
işgəncələrə məruz qalmış (onlardan 150 nəfərin, o cümlədən 68 qadın
və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif
dərəcəli bədən xəsarətləri almış, 8 ailə tamamilə məhv edilmiş, 130
uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini
itirmiş, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca
işgəncə verilməklə vəhşicəsinə öldürülmüşdür.

Ermənistanın münaqişə, müharibə zamanı mülki insanlara qarşı
vəhşiliyi bütün tarixi dövrlərdə onların dövlətinin əsas siyasəti
olmuşdur. Ermənistan istər 1988-1994-cü illərdə, istərsə də 2020-ci
il Vətən mübaribəsi zamanı mülki əhaliyə qarşı ağır cinayətlər
törətmişdir. 44 günlük Vətən mübaribəsi zamanı hərbi əməliyyatların
keçirildiyi ərazilərdən yüz kilometr aralıda yerləşən Gəncə, Bərdə,
Tərtər, Ağcabədi, Naftalan və s. yaşayış məntəqələri Ermənistan
tərəfindən qadağan olunmuş silahlarla bombalanmışdır. Bu müharibə
cinayətləri nəticəsində 100-dən çox mülki vətəndaş qətlə
yetirilmiş, 400-dən çox insan yaralanmış, 4 mindən çox yaşayış evi,
o cümlədən 135-dən artıq çoxmərtəbəli bina dağıdılmışdır.

Ermənistanın Azərbaycana, azərbaycanlılara qarşı patoloji
nifrəti 30 ildən sonra işğaldan azad edilmiş ərazilərimizdə də
özünü biruzə vermişdir. Belə ki, 30 il ərzində işğal edilmiş bütün
ərazilərdə Azərbaycana aid tarixi, mədəni, dini və s. abidələr məhv
edilmiş, ekoloji terror törədilmişdir.

Biz bilirik ki, 30 ildir Xocalı soyqırımının beynəlxalq
səviyyədə tanındılması Azərbaycan Respublikasının xarici
siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.
Bu müddət ərzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə
“Xocalıya ədalət!” kampaniyası keçirilmiş və Xocalı soyqırımı
haqqında dünya ictimaiyyəti məlumatlandırılmışdır. Nəticə etibarilə
17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, İslam
Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı Xocalı soyqırımı
ilə bağlı qətnamə və digər sənədlər qəbul ediblər. Görülən bütün
işlərə, beynəlxalq təzyiqlərə baxmayaraq, bu günədək Ermənistan
silahlı qüvvələrinin Xocalıda insanlıq əleyhinə törətdikləri
cinayət əməllərində bilavasitə iştirak etmiş şəxslərdən heç biri
cinayət məsuliyyətinə cəlb edilməyib.

Biz Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri olaraq inanırıq ki,
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır
cinayətlərə görə məsuliyyət daşıyan canilər tezliklə ədalət
məhkəməsi qarşısına çıxarılacaq və onlar törətdikləri bu soyqırımı
hadisəsinə görə layiqli cəzalarını alacaqlar”.

Teqlər: