İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyi tərəfindən iyunun 1-də yerin təkinin istifadəyə verilməsi
üzrə növbəti hərrac keçiriləcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Əmlak Məsələləri Dövlət
Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək
hərracda Şabran rayonunda 1 lot üzrə “Baş Əmirxanlı” gil yatağı
satışa çıxarılacaq. Başlanğıc qiyməti 4500 manat təşkil edən yatağa
sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 25 may
2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu,
Istiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan
sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində
“Hərraclar” bölməsində tanış ola bilərsiniz ( www.meda.gov.az)
Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət
məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin
10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi
təqdirdə, iddiaçı hərraca buraxılmır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla
bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini
ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə
bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza
Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
Hərraclar və digər yeniliklər haqqında son xəbərləri agentliyin
sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.