Azərbaycanda ətlik mal-qaranın güzəştli sığortası başlayıb

Azərbaycanda dövlətin dəstəyi ilə tətbiq edilən yeni aqrar
sığorta mexanizmi çərçivəsində ətlik mal-qaranın (danaların)
sığortası davam edir.

Aqrar Sığorta Fondundan AzerTimes-a verilən məlumata görə, aqrar
sığortanın əhatə etdiyi digər sahələrdə olduğu kimi, heyvanların
sığortasında da hesablanmış sığorta haqqının yarısını dövlət
ödəyir.

Qaydalara əsasən, sığortalanan heyvanlar peyvəndlənməli,
birkalanmalı, Elektron Kənd Təsərrüfatğı İnformasiya Sistemində
(EKTİS) qeydiyyata alınmalı, qapalı yerdə saxlanılmalı və
saxlandığı yer Nazirlər Kabinetinin təsdiqlədiyi «Heyvanların
saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları»na uyğun
olmalı, heyvanlara qarşı baytarlıq tədbirləri və onların
qidalanması qaydalara uyğun təmin edilməlidir.

Aqrar sığorta çərçivəsində heyvanların sığortalanması üçün iki
sığorta zərfi təqdim edilir. Hər bir zərf üzrə iki fərqli azadolma
məbləğləri seçə bilərlər – 10% və 20%.

Birinci sığorta zərfi baza risklərini əhatə edir və bu
zərf üzrə sığorta tarifi 5,4%-6,1% təşkil edir

Buraya yoluxucu xəstəliklər, ilan və həşarat sancması, təbii
fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi
heyvanların hücumu və yanğın nəticəsində heyvanların ölümü, eləcə
də heyvanların məcburi kəsimi aiddir.

Birinci zərfə aşağıdakı risklər aiddir:

  • yoluxucu xəstəliklər nəticəsində heyvanın ölümü;
  • ilan və ya həşarat sancması nəticəsində heyvanın ölümü;
  • zəhərli otlar və ya yemlərdən zəhərlənmə nəticəsində heyvanın
    ölümü;
  • kimyəvi maddələrdən zəhərlənmə nəticəsində heyvanın ölümü;
  • təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına
    və dolu) nəticəsində heyvanın ölümü;
  • yanğın nəticəsində heyvanın ölümü;
  • vəhşi heyvanların hücumu nəticəsində heyvanın ölümü;
  • sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində
    baytarın müvafiq rəyi əsasında heyvanın məcburi kəsimi.

Misal 1: Qiyməti 2 000 manat olan
ətlik mal-qara sığorta ediləndə sığorta haqqı 122 manat (2 000 x
6,1%) təşkil edir ki, bu məbləğin yarısını – 61 manatını fermer,
qalan yarısını isə dövlət ödəyir.

Misal 2: Qiyməti 1000 manat olan
ətlik mal-qara sığorta ediləndə sığorta haqqı 61 manat (1 000 x
6,1%) təşkil edir ki, bu məbləğin yarısını – 31 manatını fermer,
qalan yarısını isə dövlət ödəyir.

İkinci sığorta paketi əlavə riskləri də əhatə edir və bu
zərf üzrə sığorta tarifi 9,5% təşkil edir

Heyvanların sığortalanması üçün təklif olunan ikinci sığorta
paketi, birincidə göstəriləndən əlavə riskləri də əhatə edir.
İkinci paketdə əlavə risklərə heyvanların nəqliyyat vasitəsi
(məsələn avtomobil və ya qatarla vurulması), heyvnaların daşınması
zamanı yol qəzası nəticəsində heyvnaların ölümü, heyvanları cərəyan
vurması, kimyəvi maddələrlə zəhərlənib ölməsi, eləcə də oğurlanması
aiddir.

İkinci zərfə aşağıdakı əlavə risklər aiddir:

üçüncü şəxslərin hərəkətləri nəticəsində heyvanın ölümü, o
cümlədən:

  • heyvanın daşınması zamanı yol nəqliyyat hadisəsi nəticəsində
    ölümü;
  • sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində
    heyvanın elektrik cərəyanına məruz qalması səbəbindən ölümü;
  • sığorta müqaviləsinin qüvvədə olduğu ərazidə heyvanın nəqliyyat
    vasitəsi tərəfindən vurulması nəticəsində ölümü;
  • heyvana qulluq zamanı üçüncü şəxslər tərəfindən kimyəvi
    maddələrin təsirilə zəhərlənməsi nəticəsində heyvanın ölümü;
  • mülkiyyət əleyhinə olan hüquq pozuntusu (heyvanın sığorta
    müqaviləsində göstərilən saxlanıldığı yerdən oğurluq, soyğunçuluq
    və s. yol ilə əldə edilməsi) və s

Misal 1: Qiyməti 2 000 manat olan
ətlik mal-qara sığorta ediləndə

10%-lik azadolma halında sığorta haqqı 190 manat (2 000 x
9,5%) təşkil edir ki, bu məbləğin yarısını – 95 manatını fermer,
qalan yarısını isə dövlət ödəyir.

Misal 2: Qiyməti 1000 manat olan
ətlik mal-qara sığorta ediləndə 10%-lik azadolma halında sığorta
haqqı 95 manat (1 000 x 9,5%) təşkil edir ki, bu məbləğin yarısını
– 47 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.

Qaydalara əsasən, bəzi hallarda fermerlərə sığorta haqqının
ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, yaşı 29-dan
aşağı olan fermerlər «gənc fermer» güzəştindən istifadə etməklə
sığorta haqqını 5% az ödəyəcəklər.

Aqrar sığortanın əhatə etdiyi heyvanların sığorta şərtləri və
tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində
«Heyvandarlıq
məhsulları»
bölməsində ətraflı tanış olmaq
mümkündür.

Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və
ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində
«Heyvandarlıq
kalkulyatoru»
bölməsində hesablaya bilərlər.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və
1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Teqlər: