Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsulları açıqlanıb

Kaspersky azərbaycanlı internet istifadəçiləri arasında sorğu
keçirib*. Araşdırma nəticəsində məlum olub ki, sorğuda iştirak
edənlərin 87%-i onlayn fırıldaqçılıqla şəxsən qarşılaşıb;
respondentlərin yarıdan çoxu (57%) lotereya uduşu təklifi alıb;
21%-i özünü bank işçisi kimi təqdim edən və şifrə, bank kartı
nömrəsi, pin kod, CVV şifrə və ya digər maliyyə məlumatlarını
təsdiq etməyi istəyən şəxslərlə ünsiyyətdə olub; sorğu
iştirakçılarının 21%-i az tanınan saytlarda “çox cəlbedici
endirimlərlə” alış-veriş edərək sonda əliboş qalıb.

Baş verən halların 88%-də dələduzlarkarlar şəxsi telefon
nömrələrinə zəng edib və ya mesaj göndəriblər, 83% hallarda isə
məktublar respondentlərin və ya onların yaxınlarının elektron poçt
ünvanına gəlib. Çox vaxt fırıldaqçılar özlərini bank/maliyyə qurumu
(27%) və ya tanınmış brend (bank və ya mağaza deyil) (27%) kimi
təqdim edirdilər. 65% hallarda respondentlə şəxsən əlaqə saxlamayıb
və məlumatlarını qeyd etməyiblər.

Dələduzlar daha çox uduşlar (34%), investisiya təklifləri (25%)
və ya “asan qazanc” viktorinalarında iştirak (14%) haqqında
mesajlarla insanların diqqətini cəlb etməyə çalışıblar. Dələduzlar
öz müraciətlərində SMS-dəki şifrə və ya kart məlumatını təqdim
etməyi (36%), kartdan karta pul köçürməyi (21%) və şəxsi və/və ya
ödəniş məlumatlarını (21%) göndərməyi xahiş ediblər.

“Araşdırmamızın nəticələri göstərdi ki, pandemiya və ümumi
özünütəcrid dövrü dələduzluğun inkişafı üçün münbit zəmin yaradıb.
Bu gün dünyada sosial mühəndisliyin köməyi ilə istifadəçiləri
aldatmaq üçün artıq bütöv bir sənaye mövcuddur. Bu təhlükə
Azərbaycan xalqı üçün də getdikcə daha geniş vüsət alır. Bununla
bütün bazar iştirakçıları ilə birlikdə mübarizə aparmaq, o
cümlədən, istifadəçilərin maliyyə savadını artırmaq lazımdır”, –
deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov
bildirib.

AccessBank-ın Ödəniş kartları Departamentinin rəhbəri Sevinc
Əliyevanın fikrincə, dələduzluq hallarının sayının artması ilk
növbədə ümumilikdə elektron ticarətin inkişafı ilə bağlıdır.


“Dələduzluq yolu ilə pul vəsaitlərinin mənimsənilməsi ödəniş
kartına dair məxfi məlumatların və kart istifadəçisi tərəfindən SMS
bildiriş formasında əldə olunan birdəfəlik şifrənin ələ keçirilməsi
ilə baş verir. Bundan əlavə, son vaxtlar fırıldaqçıların bank
adından kart istifadəçiləri ilə əlaqə saxlaması və ödəniş kartına
aid müəyyən məlumatların açıqlanmasına dair tələblər irəli sürməsi
ilə bağlı hallara da daha çox rast gəlinir. Belə bir şəraitdə
banklar fırıldaqçılıqla daim mübarizə aparır və müştərilərin məxfi
məlumatlarının üçüncü şəxslərə açıqlanmamasının vacibliyi barədə
məlumatlılığının artırılması bu mübarizənin tərkib hissəsidir.
Maarifləndirmə kampaniyaları vaxtaşırı SMS bildirişlər,
məlumatların bankın rəsmi internet və sosial şəbəkə səhifələrində
yerləşdirilməsi yolu ilə təşkil edilir”, – deyə S.Əliyeva qeyd
edib.

Kaspersky telefon və internet dələduzluğuna qarşı əsas
təhlükəsizlik qaydalarını xatırladır:

tanımadığınız şəxslər tərəfindən nəsə təklif etmək və ya məlumat
almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;
SMS, elektron məktub və ya messencer mesajlarındakı şübhəli
linklərə keçid etməyin;
CVV və SMS-də gələn birdəfəlik şifrələri və ya “push” bildirişləri
heç vaxt və heç kimlə paylaşmayın;
guya bankdan zəng gələrsə, dəstəyi asın və kartın arxasında
göstərilən nömrə ilə banka birbaşa özünüz zəng edin;
fərdi istifadəçilərə fişinq mesajlarını və saytlarını tanıya bilən
Kaspersky Internet Security müdafiə həllini yükləmək, şirkətlərə
isə Kaspersky Automated Security Awareness Platform-un köməyilə öz
əməkdaşlarının rəqəmsal savadlılığını artırmaq tövsiyə olunur.

* Sorğu ERA Marketing Center şirkəti tərəfindən 2021-ci ilin
payızında keçirilib. “Face-to-face” (üzbəüz) üsulu ilə Bakı, Gəncə
və Sumqayıt şəhərlərinin kiberdələduzluqla qarşılaşan sakinlərinin
fikri öyrənilib. Sorğuda ümumilikdə 18 yaşdan yuxarı 500 insan
iştirak edib.