Kütləvi qırğın silahları yayanların Azərbaycanda aktivləri dondurulacaq.
AzerTimes xəbər verir ki, bununla bağlı Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, hədəfli maliyyə sanksiyaları cinayət mühakimə icraatı çərçivəsində tətbiq edilən tədbirləri əvəzləmədən, önləyici xarakter daşıyaraq, terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə aşağıdakı tədbirləri nəzərdə tutur:
– aktivlərin təxirəsalınmadan dondurulması;
– sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsinin qadağan edilməsi.
Aktivlərin dondurulması ilə bağlı tədbirlərin həyata keçirildiyi vaxt həmin aktivlərdə payı olan fiziki şəxslərin və ya qurumların mülkiyyətində saxlanılır. Həmin aktivlər üçüncü tərəfin idarəçiliyində saxlanıla, yaxud həmin şəxslər tərəfindən aktivlər dondurulanadək tətbiq edilmiş digər hüquqi mexanizmlər vasitəsilə, habelə normativ hüquqi aktlara müəyyən edilmiş digər qaydalara uyğun olaraq idarə edilə bilər.
Eyni zamanda layihə ilə hədəfli maliyyə sanksiyalarının tətbiq edildiyi aktivlər də müəyyənləşir.
Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi fəaliyyəti ilə bilavasitə əlaqəli olub-olmamasından asılı olmayaraq aşağıdakı aktivlər dondurulmalıdır:
– sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların aktivləri;- sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan aktivlər, habelə belə aktivlər vasitəsilə əldə edilmiş digər aktivlər,
– sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri;
– sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri.
Bu qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.