Azərbaycanda peşə təhsili müəssisələrində ödənişli əsaslarla
təhsilalanlara da təqaüd verilməsi nəzərdə tutulur.
AzerTimes-ın
məlumatına görə, bununla bağlı “Peşə təhsili haqqında” Qanunda
dəyişiklik təklif edilir.
Dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün
keçirilən iclasında müzakirə edilib.
İclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev
bildirib ki, gündəliyə birinci oxunuşda olan üç qanun layihəsi
daxil edilib.
Gündəliyin təsdiqindən sonra komitə sədri “Peşə təhsili
haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin
(birinci oxunuş) mahiyyəti barədə məlumat verib. O, qeyd edib ki,
mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət
hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub. Təklif
olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində
təhsilalanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil
almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif
olunub.
B.Əliyev bildirib ki, peşə təhsilinin təkmilləşdirilməsi,
keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın genişləndirilməsi üçün
geniş islahatlar həyata keçirilir. “Bu dəyişiklik də Azərbaycan
Respublikası Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas
və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər
Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə
təqaüdlərin verilməsi haqqında” Sərəncamına uyğun hazırlanıb” –
deyə o bildirib.
Deputatlar qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli
Məclisin plenar iclasına tövsiyə ediblər.
Sonra komitə sədri gündəliyin 2-ci və 3-cü məsələsi olan “Ümumi
təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsinin (birinci oxunuş) və “Sağlamlıq imkanları məhdud
şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında”
qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci
oxunuş) bir-biri ilə bağlı olduğunu diqqətə çatdırıb.
Bildirib ki, “Ümumi təhsil haqqında” Qanunun “Əsas anlayışlar”
adlanan birinci maddəsinə “inteqrasiya təlimli təhsil müəssisəsi”
anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində “pedaqoji
işçi” termininin “müəllimlər” sözü ilə əvəz edilməsi təklif
olunub.
Qanunun 12-ci maddəsinə irəli sürülən dəyişiklikdə isə ümumi
təhsil müəssisələrinin yeni təsnifatı təklif olunub.
Sonra komitə sədri məlumat verib ki, “Ümumi təhsil haqqında”
Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində ümumi təhsil
müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında” Qanununun 7.0-cı maddəsində və “Təhsil haqqında”
Azərbaycan Respublikası Qanununun 14.5.2-ci maddəsində də
dəyişikliklər edilməsi təklif olunub.
Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin təhsil
hüquqlarının təmini ilə bağlı görülən tədbirlərdən, qəbul edilən
qanun, sərəncam və dövlət proqramlarından bəhs edən B.Əliyev
sağlamlıq imkanları məhdud uşaqların mövcud təhsil təminatından
istifadə imkanları barədə bəzi göstəricilərə nəzər salıb. O,
ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüsləri, xüsusən
də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri,
sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı müəssisələrin
maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində
gördüyü məqsədyönlü işlərin əhəmiyyətindən danışıb.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin
bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin
etməyin əhəmiyyətini vurğulayan komitə sədri qanunvericiliyə təklif
edilən bu dəyişikliklərin də onların təhsili üçün maneəsiz mühit
yaratmağa xidmət etdiyini bildirib.
Komitə üzvləri hər iki qanun layihəsini birinci oxunuşda
baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.