Azərbaycanda bəzi siqaret növləri mağazalarda niyə tapılmır? – RƏSMİ AÇIQLAMA

Son günlər siqaret satılan köşklərdə bəzi siqaretlər satışda
yoxdur, ya da qiymətləri bahalaşıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq ölkəmizdə böyük
siqaret istehsalçısı olan “Tabaterra” QSC-dən bildiriblər ki,
müəssisədə ümumilikdə 100-dən artıq çeşid olmaqla, yerli, o
cümlədən də dünyanın ən iri istehsalçıları olan “British American
Tobacco”, “Japan Tobacco International”, “İmperial Tobacco Group”
kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal
olunmaqdadır.

Qurumdan bildirilib ki, lisenziya əsasında istehsal etdilən
beynəlxalq məhsulların istehsalı üçün tələb olunan xammallar bu
ilin mart ayına kimi həmin şirkətlərin Ukraynada yerləşən
fabriklərindən təchiz olunurdu. Lakin Ukraynada başlayan müharibə
səbəbindən qeyd olunan xammalların fabrikimizə təchizatı mart
ayından etibarən regionda yerləşən digər ölkələrdən, əsasən,
Türkiyədən həyata keçirilməkdədir.

“Bildirmək istərdik ki, qeyd etdiyiniz “Sobranie” və “Winston”
ticarət markaları “Japan Tobacco International” şirkətinə
məxsusdur. “Winston” markalı məhsullar şirkətimiz tərəfindən
2019-cu ildən, “Sobranie” markalı məhsullar isə 2021-ci ildən
fabrikimizdə istehsal olunur. Bildiyiniz kimi, hazırda regionda
davam edən müharibə səbəbindən dünyada logistika sahəsində
çətinliklər yaşanmaqdadır və bu səbəbdən yuxarıda qeyd olunan
markaların bəzi çeşidləri üçün xammalların təchizat ölkəsi üzrə
dəyişiklik prosesi daha çox vaxt tələb etmişdir. Qeyd etmək
istərdik ki, yuxarıda qeyd olunan çeşidlər üzrə də xammal təchizatı
üçün mənbə artıq təyin olunmuş və yaxın zamanlarda təchizatçı
şirkət tərəfindən tələb olunan xammallar müəssisəmizə
göndəriləcəkdir.

Eyni zamanda, bildiririk ki, müəssisəmiz tərəfindən istehsal
olunan digər çeşidlərin tədarükündə heç bir problem yoxdur və
davamlı şəkildə bazara təqdim olunmaqdadır”, – məlumatda qeyd
edilib.

Teqlər: