Azərbaycanda 60 yaşdan yuxarı insanların çoxunda katarakta var – Həkim

Xəbər - Humay Ağacanova – Trend:

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Tural Qəlbinur göz
xəstəlikləri barəsində danışıb.

Trend müsahibəni təqdim edir.

– Tural müəllim, hansı göz xəstəlikləri irsidir?

– Digər xəstəliklər kimi göz xəstəliklərində də irsiyyətin rolu
böyükdür. El arasında “Toyuq korluğu”, tibbdə isə hemeralopiya
(gecə görmə qabiliyyətinin azalması) xəstəliyi də irsən ötürülür.
Təəssüf ki, bir çox genetik xəstəliklərdə olduğu kimi bu xəstəliyin
tam müalicəsi yoxdur, sadəcə dəstək verici müalicəsi mövcuddur.
Miopiya, hipermetropiya və digər refraktiv görmə qüsurlarında da
irsiyyətin rolu danılmazdır. Həmçinin keratokonus xəstəliyi
təqribən 25 faiz hallarda genetik yolla valideynlərdəm uşaqlara
keçir.

– Katarakt xəstəliyi barədə məlumat verərdiniz.

– Katarakta, el arasında mirvari suyu adı ilə bilinir və gözün
şəffaf büllurun bulanması ilə görmə qabiliyətini azaldan
xəstəlikdir. Katarakta anadangəlmə və qazanılma ola bilər.
Anadangəlmə katarakta dölün ana bəthində inkişafı zamanı,
embriogenez zamanı yaranan patologiyalarla əlaqəlidir. Qazanılma
katarakta isə yaşa bağlı olaraq və tramva nəticəsində yaranan
kataraktalar aiddir. Katarakta yarandıqda xəstələr dumanlı
görmədən, sanki çirkli pəncərədən baxırmış kimi fikirlərini ifadə
edirlər.

– Anadangəlmə korluq nədir?

– Anadangəlmə korluq – görmə orqanın bətndaxili inkişaf
patologiyasıdır.Təəssüf ki, bir çox hallarda müalicəyə tabe olmur.
Əsas səbəb olaraq ananın hamiləlik dövründə keçirdiyi bir sıra
infeksion xəstəliklər, travmalar və genetik xəstəliklər aiddir. Bu
zaman embriogenez pozulur, nəticədə görmə orqanı inkişafı tam və ya
düzgün getmir.

– Gözlərin ümumi müayinəsini hansı tezliklə aparmaq
lazımdır?

– Valideynlərində və ya ailədə irsi göz xəstəlikləri ilə bağlı
problemləri olmayanlar hər iki ildən bir oftalmoloq müayinəsindən
keçməlidirlər. Lakin irsi göz xəstəlikləri olanlar ildə ən azı iki
dəfə oftalmoloji muayinədən olunmalıdırlar. Bu vacib müayinələr
sırasına gözdaxili təzyiqin ölçülməsi və göz dibinin müayinəsi
aiddir.

– Gözü zəiflədən əsas vasitələr hansılardır?

– Əgər görmə qabiliyyəti artıq pisləşibsə, o zaman məşhur
inancın əksinə olaraq, bunun niyə baş verdiyini düşünmək hələ də
gec deyil. Görmə qabiliyyəti həyat boyu pisləşə bilər və bu prosesi
ən azı bir az dayandırmaq üçün səbəbin nə olduğunu başa
düşməlisiniz.

Kompyuter və elektron qurğuların fasiləsiz istifadəsi gözlərin
qurumasına və yorulmasına gətirib çıxara bilər. Onurğa problemləri
də görmə zəifliyinə səbəb ola bilər.

Onurğa sütunu xəstəlikləri nəticəsində başın və gözün qan
dövranı pozulur və nəticədə görmə pozğunluğu yaranır. Kompüter
arxasında oturarkən duruşunuza nəzarət edin, onurğa üçün fiziki
məşqlər edin.

Yuxusuzluq və stress şiddətli yorğunluğa gətirib çıxarır,
nəticədə görmə zəifləməyə başlayır. Sağlamlığınızın qeydinə qalın,
yaxşı istirahət edin və gözlərinizi rahatlaşdırmaq üçün xüsusi
məşqlər edin.

Siqaret çəkmək, alkoqol qan dövranının pozulmasına kömək edir,
bu da gec-tez görmə pozğunluğuna səbəb olacaqdır. Buna görə də bu
vərdişlərdən necə qurtulacağınızı düşünməyə dəyər.

– Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin
statistikası necədir?

– Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 2,2
milyarddan çox insan yaxın və uzağa görmə problemi yaşayır. Onların
1 milyarddan çoxu profilaktika və ya müalicə edilməməsinin
nəticəsidir. Buna misal olaraq miopiya, qlaukoma, sarı ləkə
xəstəliyi, katarakta və bir çox xəstəlikləri aiddir. Hazırda
ölkəmizdə 60 yaşdan yuxarı insanların 70%-dan çoxunda başlanğıc
katarakta mövcuddur.

– Bildiyiniz kimi, 6-12 mart – Ümumdünya Qlaukoma ilə Mübarizə
Həftəsidir. Qlaukoma nədən yaranır və müalicəsi gecikərsə hansı
fəsadları olar?

– Qlaukoma göz təzyiqinin qalxması və tədricən görmə sinirinin
atrofiyası ilə xarakterizə olunur. Qlaukoma xəstəliyinin erkən
mərhələsində xəstələrdə heç bir şikayət olmur. Xəstəlik
irəlilədikcə görmə sinirinin atrofiyası yaranır. Xəstələrdə
getdikcə görmə azalır və görmə sahəsində daralma meydana çıxır.
Hazırda oftalmologiyada qlaukoma zamanı korluğun qarşısını almaq
üçün yalnız bir dənə yol məlumdur, o da vaxtında aşkarlanması və
düzgün müalicəsi .

Qlaukomanın müalicəsi dərman, lazer və cərrahi üsulla
aparılır.

– Əhali arasında hansı göz xəstəliyi daha geniş yayılıb?

– 5-30 yaş arası fərdlərdə daha çox miopiya (yaxından görmə və
hipermetropiya (uzaqdan görmə) geniş yayılıb. Eynək və kontakt
linzalar miopiyanın ən geniş yayılmış müalicə üsuludur. Bu üsullar
miopiyanın dərəcəsini azaltmır, lakin görməni yaxşılaşdırır.
Bunlardan imtina edənlərə lazer korreksiyası təklif edilir.

40 yaşdan yuxarı olan şəxslərdə daha çox katarakta və diabetik
retinopatiya daha geniş yayılıb. Diabetik retinopatiya şəkərli
diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi
nəticəsində baş verən хəstəlikdir.

60 yaşdan yuxarı əhali arasında isə sarı ləkə xəstəliyi (makula
degenerasiyası) daha geniş yayılıb.

Teqlər: