Azərbaycan yalnız deyil, 85 milyon qardaşı var!

Azərbaycan yalnız deyil, 85 milyon qardaşı var!

Can Azərbaycan yalnız deyil, tək deyil! 85 milyonluq Türkiyə Can Azərbaycanın yanındadır və daim yanında olacaq. Təəssüflər olsun ki, erməni təcavüzü nəticəsində 50 şəhidimiz var. Ancaq Şanlı Azərbaycan Ordusu da şəhidlərimizin qanını yerdə qoymadı və döyüş meydanında onların qisasını aldı. Allahdan əziz şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Bu sözləri AzerTimes-a Ermənistanın sərhəddə törətdiyi son təxribatlar haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Səfir problemin həllinin yalnız Ankara və Bakıda olduğunu vurğulayıb:

“Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevə zəngi, Mövlud Çavuşoğlunun, Hulusi Akarın, İbrahim Kalının açıqlamaları Ankaranın mövqeyini açıq və qəti şəkildə göstərir. Ermənistanın Brüssel görüşündən 12 gün sonra belə bir cinayətə əl atması onların sülh müqaviləsini imzalama niyyətinin olmadığını göstərir. Sözügedən görüşdə sülh müqaviləsinin mətninin hazırlanması qərarı verildi və noyabr ayında da liderlərin görüşü zamanı sənədin yekun mətni razılaşdırılmalı idi. Paşinyanın 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, Putin, Makron və Blinkenə davamlı zəng etməsi, ağlaşma quraraq KTMT-nin iclasını çağırması onun düşdüyü acınacaqlı vəziyyəti göstərir. O, vəziyyətdən çıxmaq üçün dünyanın böyük gücləri qarşısında diz çökərərək yalvarır.

Fransa həmişə Ermənistanı dəstəkləyib. İndi isə Makron İrəvanın istəyinə görə BMT TŞ-nin iclasını çağırıb. BMT TŞ 1993-cü ildə Azərbaycanla bağlı dörd qətnamə qəbul etdi. Otuz ilə yaxın müddətdə həmin qətnamələrin heç biri yerinə yetirilmədi. Makronun tələbi ilə çağırılacaq iclas da vaxt itkisindən başqa heç nəyə yaramayacaq. Əgər Paşinyan həqiqətən sülh istəyirdisə, Parisə yox, Ankara və Bakıya zəng etməli idi. Onda yaranan gərginlik daha tez bir zamanda ortadan qalxardı. Ancaq biz Paşinyanın niyə və nə üçün, kimlərə zəng etdiyini çox yaxşı bilirik. Azərbaycanı təkləmək istəyənlər Ankara ilə Bakının qardaşlığının sarsılmaz olduğunu dərk etməlidirlər. Əlbəttə ki, bu birliyi qısqananlar, gözü götürməyənlər var. Bəziləri Türkiyənin güclənməsinə sevinir, bəziləri isə bundan narahatlıq keçirir. Türkiyə Vətən müharibəsində Azərbaycanı dəstəklədi, taxıl dəhlizinin açılmasına nail oldu və indi də Ukrayna müharibəsinin sülhlə bitməsi üçün çalışan yeganə ölkədir. Doğrudur, hazırki məqamda ABŞ və Avropa Ukraynaya yardımlar edir, lakin onlar ilk başda Kiyevin zərbələrə nə qədər dözə biləcəyini gözlədilər. Fransanın da ölkəmizi qısqanmasının səbəbləri bunlardır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, baş verən təxribatlar həm də Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki Zirvə Toplantısı çərçivəsində keçiriləcək Ərdoğan-Putin görüşünə zərbə vurmaq məqsədi daşıyır. Azərbaycan Silahlı Qüvvələri daha da güclənib və Ermənistanın bütün təxribatlarının cavabı ən ağır şəkildə veriləcək.

Paşinyana isə tövsiyəm odur ki, Makrona, Blinkenə, Putinə zəng edib çarəni başqa yerlərdə axtarmasın. Çarə nə Parisdə, nə Vaşinqtonda, nə də Moskvadadır. Çarə Ankara və Bakıdadır. Ona görə Paşinyan Ankara və Bakıya zəng etməlidir”.

Teqlər: