Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər
naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK)
prezidenti Peter Maurer ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
Azərbaycan ilə BQXK arasındakı uzun illərdən bəri mövcud olan
əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir
mübadiləsi aparılıb.
Azərbaycanla BQXK arasında Ermənistanın 30 ilə yaxın davam edən
hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması istiqamətində
göstərilən fəaliyyət qeyd edilib.
BQXK Prezidenti Azərbaycanla əməkdaşlığa açıq olduğunu və bu
illər ərzində həyata keçirilən iş birliyindən məmnun olduqlarını
ifadə etdi.
C.Bayramov itkin düşmüş şəxslərlə bağlı məlumatın əldə edilməsi,
o cümlədən 1990-cı ilin əvvəllərindən itkin düşmüş 4000-ə yaxın
azərbaycanlının taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin
davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində
mina məsələsi və bunun doğurduğu humanitar fəlakət məsələsi
müzakirə mövzusu təşkil edib. Tərəflər, mina probleminin
nəticələrinin aradan qaldırılmasında Azərbaycanın BQXK ilə mümkün
əməkdaşlığı üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə tərəflər, həmçinin humanitar fəaliyyət ilə bağlı
qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.