Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası idi

1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika –
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Cümhuriyyət
hökumətinin fəaliyyətinə böyük dəyər verən Ölkə Prezidenti cənab
İlham Əliyev öz çıxışlarının birində demişdir: “Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq
müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı
olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı
yaradıbdır.”

Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Xalq Cümhuriyyəti böyük
dövlətçilik tarixinə malik olan Azərbaycanın həyatında müstəsna
əhəmiyyət kəsb edən rol oynaya bildi. AXC dövründə müstəqil dövlət
quruculuğu baxımından mühüm olan bir çox qərarlar qəbul edildi.
Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı yaradıldı,
ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi
yaradıldı. Ana dili dövlət dili elan edildi, ordu quruculuğu
sahəsində əhəmiyyətli addımlar atıldı, xalqın maariflənməsi və
milli mədəniyyətimizin inkişafı xüsusi diqqət mərkəzinə alındı. XX
əsrin əvvəllərində, bütün dünyanın siyasi nizamının yenidən
qurulduğu bir dövrdə istiqlaliyyətini elan etməklə Azərbaycan Xalq
Cümhuriyyəti sübut etdi ki, xalqımız müstəqil yaşamağa, öz
dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev XX
əsrin əvvəllərində 23 ay ərzində fəaliyyət göstərən Azərbaycan Xalq
Cümhuriyyəti ilə 1991-ci ildə müstəqillik qazanmış Azərbaycan
Respublikası arasında əlaqəni yüksək qiymətləndirirdi. 2001-ci il
oktyabr ayının 18-də Milli Müstəqillik Günü münasibətilə etdiyi
çıxışında Ulu öndər demişdir: “Bu gün Azərbaycanın dövlət
müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd
etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə
mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların
varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə,
yeni bir tarixi zamanda”.

Cümhuriyyətin dövlətçilik tariximizdəki rolu bu gün də daim
ehtiramla xatırlanır, bu tarixə böyük diqqət göstərilir. Hazırda
qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü, Bayraq Günü
kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə
strukturlarının tarixi ilə müəyyən olunub. Xalqımızın ümummilli
lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin
dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulamışlar.
Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin
keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə
ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham
Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi,
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi, həmçinin
Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında
sərəncamları xüsusi olaraq qeyd olunmalıdır.

Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz
1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi
olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar
Respublikasında qaldırılması da bilavasitə ümummilli liderin adı
ilə bağlıdır.

Azərbaycan XX əsrdə iki dəfə öz müstəqilliyini elan edib.
Birinci dəfə bu müstəqlliyə 1920-ci ildə Azərbaycanın sovet
bolşevik qoşunları tərəfindən işğalı ilə son qoyuldu. Həmçinin
oxşar sonluq Azərbaycanı 1993-cü ildə də gözləyirdi. Lakin bu dəfə
Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin müdaxiləsi düşmən
qüvvələrin planlarını alt-üst etdi və müstəqilliyimiz əbədi
oldu.

Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev
Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər
gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu
öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan
dövləti quruldu və dinamik inkişaf yoluna qədəm qoydu.

Bu gün Heydər Əliyev siyasi kursu, əsasını qoyduğu islahatlar
ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə
uğurla davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan dünya
miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə
malik olan ölkə kimi tanınır. Məhz dövlət başçımızın yürütdüyü
praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq
Azərbaycan 2020-ci ildə özünün dövlətçilik tarixində indiyədək əldə
etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza
atdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə
qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini
geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa olundu.
Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni
reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və
qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açıb və məhz
Azərbaycan bu reallıqların müəllifidir. Artıq Azərbaycan sadəcə
Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında həyata keçirilən ən
önəmli transmilli layihələrin vacib iştirakçısı, bir çox hallarda
isə təşəbbüskarı kimi tanınır və qəbul olunur. Milli inkişaf
modelinin uğurla tətbiq edilməsi, hədəflənən nəticələrin əldə
olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata
keçirilməsi və digər mühüm nailiyyətlər müasir Azərbaycanın real
gerçəkliklərini qabarıq şəkildə əks etdirir.

Kamaləddin Qafarov,

Milli Məclisin deputatı

Teqlər: