Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərin
normallaşdırılması məsələsində atdığı addımlar regionda mehriban
qonşuluq mühiti yaratmaq səylərinin bariz sübutudur.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Anadolu” agentliyinə müsahibəsində
Antalya Diplomatik Forumunda iştirak etmək üçün Antalyada olan
Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
C.Bayramov xatırladıb ki, uzun illər Azərbaycan torpaqlarının
işğalı faktoru Bakı ilə Yerevan arasında münasibətlərdə əsas maneə
olaraq qalıb.
Onun sözlərinə görə, Qarabağ problemi həll edildikdən sonra
Azərbaycan Ermənistana münasibətləri normallaşdırmaq yollarını
təklif edib.
Xarici işlər naziri qeyd edib ki, Türkiyə də Ermənistanla
münasibətləri normallaşdırmaq ideyası ilə çıxış edib.
“Bakı Ankaranın mövqeyini tam dəstəklədi ki, bu da həm
Azərbaycanın, həm də Türkiyənin regionda davamlı sülhə yönəldiyinin
bir daha sübutudur. Təbii ki, bütün digər məsələlərdə olduğu kimi,
Bakı və Ankara öz fəaliyyətlərini yaxından əlaqələndirirlər,
məsləhətləşirlər. Bunu Ermənistanda da insanların dərk etməsi
vacibdir”, – deyə Nazir bildirib.
C.Bayramov Prezident İlham Əliyevin Ankaraya sonuncu (martın
10-da) səfərinin yekunlarına da münasibət bildirib.
Onun sözlərinə görə, səfər zamanı liderlər ikitərəfli və
regional məsələləri, Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti,
Zəngəzur dəhlizini müzakirə ediblər, həmçinin əməkdaşlıq sahəsində
mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
C.Bayramov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə hansı
töhfələr verə biləcəyinə və Avropa İttifaqı ilə danışıqların hansı
mərhələdə olduğuna da toxunub.
O qeyd edib ki, Azərbaycan Aİ-nin enerji sektorunda çox mühüm
tərəfdaşıdır.