Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə
olan Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri
Rüstəm Emoməli ilə görüşüb.
Milli Məclisdən AzerTimes-a bildirilib ki, qonağı Milli Məclisdə
salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova səfərin iki
ölkə arasında qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyinə
inamını ifadə edib. Milli Məclisin sədri iki ölkənin diplomatik
əlaqələrinin qurulmasının 30 illik yubileyinin tamam olduğunu qeyd
edərək, siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə münasibətlərin
inkişafından danışıb.
Sahibə Qafarova ölkələrimiz və xalqlarımız arasında əlaqələrin
dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin
əhəmiyyətini vurğulayıb, imzalanan sənədlərin əhatə dairəsinin
genişləndirilməsi üçün daha böyük potensialın olduğunu deyib.
Milli Məclisin sədri Azərbaycanla Tacikistan parlamentləri
arasında mövcud əməkdaşlıq əlaqələri barədə fikirlərini bölüşüb,
qarşılıqlı parlamentlərarası dostluq qruplarının fəaliyyətini
xüsusi qeyd edib.
Sahibə Qafarova bu gün Azərbaycan Respublikasının Milli Məclisi
ilə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında imzalanacaq
əməkdaşlıq haqqında Sazişin qarşılıqlı münasibətlərimizin
inkişafına xidmət edəcəyinə əminliyini bildirib.
Görüşdə Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən
müharibəsində qazandığı möhtəşəm Zəfər barədə geniş məlumat verib.
Diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun şücaəti sayəsində
Ermənistanın 30 illik işğalına son qoyaraq 20 faiz ərazisini
işğaldan azad edib, bununla da ərazi bütövlüyünü və BMT-nin 4
qətnaməsinin icrasını özü təmin edib. O, qeyd edib ki, Ermənistan
30 il ərzində işğal altında saxladığı şəhər və rayonlarımızda
şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri,
məscidləri dağıdıb, talan edib.
Spiker işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və
quruculuq işləri barədə məlumat verərək nəzərə çatdırıb ki,
münaqişə artıq keçmişdə qalıb. İndi ölkəmiz bölgədə uzunmüddətli
sülhün və sabitliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə
lazımi addımlar atır. Qısa müddət ərzində çox böyük həcmli işlər
görülüb, ərazilərin minalardan təmizlənməsi işinə başlanıb, yeni
nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycan həmin ərazilərdən
məcburi köçkün olmuş vətəndaşlarının tezliklə öz evlərinə
qayıtmasına çalışır. İnanırıq ki, Ermənistan reallığı düzgün
qiymətləndirəcək və tezliklə iki ölkə arasında sülh sazişi
imzalanacaqdır.
Milli Məclisin sədri işğaldan azad olunmuş ərazilərdə həyata
keçirilən layihələrin, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının
regionun daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə
edib.
Görüşdə Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin
sədri Rüstəm Emoməli ölkəmizə səfərə dəvətə görə, spiker Sahibə
Qafarovaya təşəkkürünü bildirib.
O, spiker vəzifəsində Azərbaycana ilk rəsmi səfərini etdiyini
diqqətə çatdıraraq, Azərbaycanın zəngin parlamentarizm tarixi
olduğunu qeyd edib. Nəzərə çatdırıb ki, Tacikistan Azərbaycanla
tarixi və mədəni ortaqlığa əsaslanan ənənəvi dostluq əlaqələrini
yüksək qiymətləndirir. Azərbaycan Tacikistanın xarici siyasətində
mühüm yer tutur. Əlaqələrimiz həm ikitərəfli, həm də çoxtərəfli
əsasda, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq çərçivəsində
uğurla inkişaf edir.
Söhbət zamanı Rüstəm Emoməli bu gün iki ölkənin parlamentləri
arasında imzalanacaq əməkdaşlıq haqqında sazişin iki dost ölkənin
parlamentlərarası əlaqələrinin daha da inkişafına kömək edəcəyinə
əminliyini bildirib.
Sonra görüşdə ölkələr arasında iqtisadi-ticari, nəqliyyat,
təhsil və mədəniyyət sahələrində əlaqələrə dair məsələlər müzakirə
olunub.
Görüşdən sonra Azərbaycan Respublikasının Milli Məclisi ilə
Tacikistan Ali Məclisinin Milli Məclisi arasında Əməkdaşlıq
haqqında Saziş imzalanıb.