Azərbaycan və Serbiya Hökumətləri arasında sosial təminat haqqında Saziş imzalandı

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası
Hökuməti arasında sosial təminat haqqında Saziş” imzalanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən
məlumata görə, sazişi Azərbaycan Respublikası Hökuməti adından əmək
və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında
ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın
Azərbaycan tərəfindən həmsədri Sahil Babayev və Serbiya
Respublikası Hökuməti adından Serbiyanın əmək, məşğulluq,
veteranlar və sosial işlər naziri xanım Dariya Kisiç Tepavçeviç
imzalayıblar.

Videokonfrans formatında keçirilən imzalanma mərasimində
S.Babayev Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi
və səyləri ilə iki ölkə arasında əlaqələrin inkişaf edərək strateji
tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

O, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq
ölkəmizdə aparılan geniş miqyaslı sosial islahatları qeyd edib.
Sosial təminat sisteminin gücləndirilməsi və innovativ yanaşmalar
əsasında təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar
aparıldığını bildirib.

S.Babayev iki ölkə arasında bir çox sahələrdə, o cümlədən əmək
və sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal
təcrübə mübadiləsinin həyata keçirilməsi üçün böyük potensialın
mövcud olduğunu vurğulayıb.

O, xanım D.K.Tepavçeviçin ötən ilin iyul ayında Azərbaycana
səfəri çərçivəsində nazirliklər arasında imzalanmış “Əmək,
məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”nun
ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini diqqətə
çatdırıb.

Yeni imzalanmış Sazişin də əməkdaşlığın genişləndirilməsi və
fəal təcrübə mübadilələrinin həyata keçirilməsində önəmli rol
oynayacağına əminliyini ifadə edib.

D.K.Tepavçeviç Serbiya və Azərbaycanın dost münasibətləri
əsasında əlaqələrinin bu gün strateji tərəfdaşlıq səviyyəsində
olmasının məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında daim
genişlənən əlaqələrin artıq əmək, məşğulluq və sosial müdafiə
sahələrini da əhatə etməyə başladığını və gələcəkdə iki nazirliyin
əməkdaşlığının daha da genişlənəcəyinə əminliyini qeyd edib.

İmzalanan Saziş iki ölkə vətəndaşlarının pensiya hüquqlarının
təmin olunması baxımından mühüm önəm kəsb edir. Sənəd Azərbaycan və
Serbiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış
olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının
tanınması və qorunması mexanizmlərini müəyyən edir.

Saziş həmin istiqamətlər üzrə tərəf dövlətlərin səlahiyyətli
orqanları arasında əməkdaşlığın müvafiq hüquqi çərçivədə həyata
keçirilməsinə şərait yaradır.

Teqlər: