Azərbaycan və Rusiya arasında imzalanan müqavilə region üçün yeni perspektivlər yaradır – Deputat

Azərbaycanın regionda formalaşdırdığı əməkdaşlıq mühiti, o
cümlədən Azərbaycan və Rusiya arasında imzalanan müqavilə region
üçün yeni perspektivlər yaradır. Beynəlxalq əməkdaşlıq sahəsində
baş verənlər ölkəmizin bölgədəki nüfuzunu, siyasi çəkisini və
inkişafını özündə əks etdirməkdədir. 2021-ci ilin iyununda qardaş
Türkiyə ilə bağlanan “Şuşa bəyannaməsi” və bu ilin fevralın 22-də “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin hər biri
olduqca əhəmiyyətli sənəddir. Bölgənin ən böyük iqtisadiyyatına
malik iki dövləti ilə əlaqələrin müttəfiqlik səviyyəsinə
çatdırılması Azərbaycanın xarici siyasət kursunun böyük uğurudur.
Diqqət yetirsək, bu bəyannamələr Azərbaycan-Türkiyə-Rusiya
əməkdaşlıq üçbucağının strateji yol xəttidir. Sənədlərdə iqtisadi
elementlərlə yanaşı, siyasi və təhlükəsizilk məsələləri ilə bağlı
əməkdaşlıqların gələcək istiqamətləri də müəyyənləşdirilib.
Məsələn, “Şuşa bəyannaməsi”ndə qeyd edilir ki, “Tərəflər Türkiyənin
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya
Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün,
sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını
vurğulayırlar”. Bu amil, bölgədə davamlı sülhün bərqərarında əsaslı
əhəmiyyət daşımaqdadır. “Şuşa bəyannaməsi”ndə bu bəndin əks
olunması Türkiyə ilə Rusiyanın regiondakı fəaliyyətinə qarşıdakı
dövr üçün əməkdaşlıq statusu qazandırır. Başqa sözlə, regionun
inkişafı üçün ən mühüm amil olan sülhün və sabitliyin təmini
istiqamətində iki dövlətin yeni müttəfiqlik platformasını
formalaşdırır.

Azərbaycan dövlətinin müstəqil subyekt olaraq yaxın qonşuları
ilə imzaladığı bu bəyannamələr bərabərhüquqludur və ortaq maraqlara
söykənir. İmzalanan sənədlər tərəflərin bərabərhüquqlu
əməkdaşlığına əsaslanır. Məsələn, Moskvada imzalanan bəyannamənin
birinci bəndində deyilir ki, Rusiya Federasiyası və Azərbaycan
Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti,
iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə
və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə
də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və
qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq
etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında
qururlar. “Şuşa bəyannaməsi”ndə isə göstərilir ki, Azərbaycan
Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi
bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin
toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq
prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin
qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər. Bu,
ölkəmizin regional aktor olaraq müasir beynəlxalq münasibətlər
sistemində qazandığı uğurların və özü üçün müəyyənləşdirdiyi yerin
təcəssümüdür. Digər tərəfdən, hər iki sənəddə tərəflər arasında
siyasi məsləhətləşmələrin keçirilməsi ilə bağlı müvafiq bəndlər yer
almaqdadır. Bu, yarana biləcək hər hansı bir situasiyada qarşılıqlı
olaraq ortaq maraqların müdafiəsinə şərait yaradır. Bu bənd,
Azərbaycanın və müqavilə tərəflərinin milli mənafeyinə zidd olan
hər hansı bir prosesi birmənalı şəkildə istisna edir. Nəticə
etibarı ilə, imzalanan hər iki sənəd bölgənin təhlükəsizliyi və
inkişafı üçün yeni üfiqlər açır.

Azərbaycan xalqının fikir verməli olduğu ən önəmli məsələlərdən
biri də ondan ibarətdir ki, Prezident İlham Əliyevin başçılığı ilə
dövlətin yürütdüyü xarici siyasət milli maraqlarımıza tam uyğundur
və bütün şərtlər, meyarlar müəyyən edilərkən mövqeyimiz əks olunur.
44 günlük Vətən müharibəsində qazandığımız qələbə və ümumilikdə
müstəqilliyimiz bərpa edildikdən bu günədək Ulu Öndər Heydər
Əliyevin siyasi dəsti xətti üzrə həyata keçirilən hərtərəfli
siyasətin nəticəsində Azərbaycan regionda söz sahibi olan dövlətə
çevrilib. Biz artıq regionda və dünyada gedən proseslərdə yaxından
iştirak edir və layiqincə təmsil olunuruq. Siyasətimizin təməlində
Azərbaycan xalqının iradəsi, sülhün təmin edilməsi, təhlükəsizlik
və inkişaf dayanır.

Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini

YAP İdarə Heyətinin üzvü

Teqlər: