Azərbaycan və Rumıniya əməkdaşlığının gələcək istiqamətləri müzakirə edilib (FOTO)

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya
Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki
əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri
Sahil Babayev və ölkəmizdə səfərdə olan Rumıniyanın energetika
naziri Vircil Popesku arasında görüş olub. Görüşdə Rumıniyanın
ölkəmizdəki səfiri Vasile Soare də iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, S.Babayev
Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən birinin
Rumıniya olduğunu, iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq
əsasında ildən-ilə inkişaf etdiyini qeyd edib.

O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən
müharibəsində əldə etdiyi tarixi Zəfəri, Ermənistanın işğalından
azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını
diqqətə çatdırıb.

Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi
əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın
fəaliyyətini qeyd edən S.Babayev əməkdaşlığın inkişafı, o cümlədən
ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün potensialın böyük
olduğunu vurğulayıb.

Əlaqələrin daha da genişlənməsi üçün Komissiyanın səylərini daim
artdırdığını deyib. Komissiyanın 2018-ci ilin noyabr ayında
Buxarest şəhərində (Rumıniya) keçirilən 5-ci iclasının da müsbət
nəticələrini diqqətə çatdırıb.


V.Popesku ölkələrimiz arasında fəal siyasi dialoqun,
iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən əlaqələrin
genişlənməsi üçün aparılan işlərin məmnunluq doğurduğunu qeyd edib.
Ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm
verdiyini vurğulayıb.

Görüşdə ötən dövrdə Azərbaycan və Rumıniya arasında 60-dan çox
əməkdaşlıq sənədinin imzalandığı qeyd edilib. Hazırlanmış yeni
əməkdaşlıq sənədləri layihələrindən bəhs olunub.

Əmək, məşğulluq, sosial müdafiə sahələrində də iki ölkənin fəal
əməkdaşlığı üçün potensialın olduğu vurğulanıb. Yeni əməkdaşlıq
sənədləri layihələri sırasında “Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ruminiyanın Əmək Ədalət
Nazirliyi arasında Əməkdaşlıq haqqında Protokol” layihəsinin də
olduğu diqqətə çatdırılıb.

Teqlər: