Azərbaycan və Qazaxıstan Qarabağda nəqliyyat sektorunda əməkdaşlıq edə bilər – Müşavir

Nur-Sultan. Sədrəddin Ağcayev – Trend:

Azərbaycan və Qazaxıstan arasında Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat sektoru sahəsində əməkdaşlıq qurula bilər.

Trend-in Nur-Sultana ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycanın Qazaxıstandakı səfirinin müşaviri Rövşən Kazımov Qazaxıstanda 40-cı “Prima T8 AZ8A” yük lokomotivinin təntənəli təhvil verilməsi mərasimində deyib.

“Zəngəzur dəhlizinin reallaşdırılması və açılışı təkcə regionda deyil, həm də onun hüdudlarından kənarda nəqliyyat kommunikasiyalarını genişləndirəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC ilə “Alstom” şirkəti arasında müqaviləni Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsində vacib hadisə kimi qiymətləndirmək olar.

Müşavir əlavə edib ki, Azərbaycan iri beynəlxalq layihələrin təşəbbüsçüsü və iştirakçısıdır.

“Buraya həm enerji, həm də nəqliyyat sektorunun layihələri daxildir. Eyni zamanda, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsindən sonra Azərbaycan hökuməti bu torpaqların bərpası prosesinə başladı və bu gün irimiqyaslı işlər görülür. Bu gün biz Cənubi Qafqaz regionunda yeni reallığa və yeni imkanlara sahibik”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)