Azərbaycan və Qazaxıstan arasında peyk resurslarının qarşılıqlı istifadəsinə dair razılığa gəlinib (FOTO)

Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun
nümayəndə heyəti 10-11 may tarixlərində Özbəkistanın paytaxtı
Daşkənd şəhərində keçirilən “Kosmik texnologiyalar konfransı”na
qatılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə,Mərkəzi Asiya
regionunda ilk dəfə keçirilən tədbirdə bölgənin kosmik
agentliklərinin və beynəlxalq kosmik ictimaiyyətin nümayəndələri
iştirak ediblər. Konfransda əsasən sürətlə böyüyən qlobal kosmik
sənayenin imkanları, peyklər və onların tətbiq sahələri, kosmik
sahədə innovasiyalar və bu sahəyə qoyulan investisiyalar barədə
müzakirələr aparılıb.

Azərkosmosun sədri Saməddin Əsədov tədbirdə çıxış edərək ölkəmiz
üçün kosmik sahənin əhəmiyyətindən, bu sahədə Azərbaycanın
telekommunikasiya peyklərinin imkanları, o cümlədən “Azersky” peyki
vasitəsilə kənd təsərrüfatı, ekologiya, turizm və bir sıra digər
sahələrdə həyata keçirilən layihələrdən bəhs edib. Konfransda
işğaldan azad olunmuş rayonlarımıza qayıdış planına əsasən peyk
resursları ilə ərazilərin infrastruktur və relyef faktorlarına
uyğun aparılan monitorinq təhlilləri barədə iştirakçılara məlumat
verilib.

Konfrans çərçivəsində Azərkosmos və Qazaxıstanın “Qarış Saparı”
şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Azərbaycan və Qazaxıstan arasında kosmik sahədə birgə
layihələrin təşkil olunması və peyk resurslarının qarşılıqlı
istifadəsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, “Qarış Saparı” şirkəti 2005-ci ildə Qazaxıstan
Respublikasının dövlət sərəncamına əsasən kosmik sahənin inkişaf
etdirilməsi, kosmik əməliyyatların aparılması məqsədilə yaradılıb.
Eyni zamanda, kosmik layihələr üçün texniki avadanlıqların
istehsalı, orbitə buraxılması və bu kimi texnoloji proseslərin
həyata keçirilməsi şirkətin fəaliyyət sahəsinə aiddir.

Panel müzakirələri ilə davam edən “Kosmik texnologiyalar
konfransı”nın bugünkü gündəliyində kosmik sənaye üzrə regional və
beynəlxalq səviyyədə bazar tendensiyaları, bu sahənin gələcəkdə
insanların rifahı üçün yaradacağı imkanlar öz əksini tapıb.

Həmçinin kosmik sahədə beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsi və bunun üçün yeni imkanların araşdırılmasının
vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Teqlər: