Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat başlayıb

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və 11
illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi
qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən
abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 11 – 27
may 2022-ci il tarixlərində verilən link (http://eservices.dim.gov.az/qabiliyyet)
vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, abituriyent
təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya
sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin, hər hansı 1-i
üzrə qeydiyyatdan keçə bilər. O cümlədən, abituriyent seçdiyi 1
istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas
təhsili müəssisələrinin ən çoxu 4 komissiyası üzrə qeydiyyatdan
keçə bilər. İslamşünaslıq ixtisası üzrə Dini-Psixoloji Komissiyadan
(DPK) qeydiyyatdan keçən abituriyentlər daha üç komissiya üzrə
qeydiyyatdan keçə biləcəklər.

Yalnız tam orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak
etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çoxu 6 komissiya
üzrə qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, buraxılış imtahanlarının (qəbul imtahanlarının)
nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış
imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan
və xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən
abituriyentlər ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd
veriblərsə, qeydiyyatdan keçməlidirlər.

Cari ildə orta ixtisas təhsili müəssisələrini bitirib
subbakalavr kimi Qabiliyyət İmtahanı Komissiyası (QİK) üzrə
qeydiyyatdan keçmək istəyənlər 18-27 may tarixlərində http://eservices.dim.gov.az/qabiliyyet linki
vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə
verən abituriyentlər mayın 8-də keçirilən Azərbaycan dili (dövlət
dili kimi) üzrə birinci imtahandan “məqbul” qiymət aldıqları
təqdirdə qeydiyyatdan keçə biləcəklər. Bu imtahanının nəticəsinin
mayın 23-dək elan olunması nəzərdə tutulur. İmtahan nəticəsi “qeyri
məqbul” olan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun
2022-ci il tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanına
yazıla bilərlər. Həmin imtahandan “məqbul” qiymət alanlar DİM
tərəfindən elan olunacaq tarixlərdə QİK-lər üzrə qeydiyyatdan keçə
biləcəklər. Qeydiyyat yalnız Azərbaycan dili imtahanından məqbul
qiymət almış abituriyentlər üçün açılacaq.

Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyat­dan
keçmək istəyən abituriyentlər (25, 26, 28, 31(gitara), 95 və 96-ci,
11 illik üzrə 4501,4502, 4504, 4505,4506,4507,4701,4702,
4704,4705,4706, 4102, 4106-cı komissiyalar istisna olmaqla) musiqi
təhsili haqqında sənədə malik olmalıdırlar. Abituriyentlərin musiqi
təhsili haqqında məlumatı (təhsil haqqında sənədin seriya və
nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi ixtisas və
ya təhsil aldığı musiqi aləti) DİM tərəfindən yaradılan “Musiqi
məktəbi-məzun” və ya “Tələbə-məzun” Dövlət Elektron Məlumat
Sistemindən götürülür. Əgər abituriyent haqqında məlumat bu
sistemdə yoxdursa, həmin abituriyent musiqi ixtisası üzrə bitirdiyi
təhsil müəssisəsinə və ya DİM-ə müraciət etməlidir.

Musiqi üzrə xaricdə təhsil almış vətəndaşlar DİM-ə müraciət
etməlidirlər. Bunun üçün həmin abituriyentlər musiqi təhsili
haqqında sənədin əslini və surətini, şəxsiyyəti təsdiq edən sənədi
DİM-ə şəxsən təqdim etməlidirlər.

Qeydiyyatdan keçmək üçün abituri­yent şəxsi kabine­ti­­nin
istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan
məbləği (qeydiyyatdan keçmək istədiyi komissi­ya­ların sayından
asılı olaraq) şəxsi kabinetindəki hesabı­na əlavə etməlidir. “Azər­baycan Respublikasında ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu imtahan­larının təşki­linin
tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haq­qında” Azərbaycan
Respublikası Prezidenti­nin Sərən­­­­ca­mı­na əsasən, ali təhsil
müəssisələrinə tələbə qəbu­lu ilə bağlı imtahanda iştirak üçün ilk
dəfə müra­ci­ət edən Azərbaycan Respublika­sı­nın vətəndaş­larının
(ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi
(qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında
iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Müsabiqədə iştirak ödənişlidir. Lakin “Azərbaycan
Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə
qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan
Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil
müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və
cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata
keçirilir:

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən
edilmiş şəxslərin uşaqları;

– şəhid ailəsinin üzvləri;

– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar;

– məcburi köçkün statusu olan şəxslər;

– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Memarlıq və İslamşünaslıq ixtisaslarına qəbul olmaq istəyən
abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat
tarixləri haqqında məlumatı yaxın günlərdə əldə edə biləcəklər.

Teqlər: