Azərbaycan və Misir KOB-ları arasında əməkdaşlıqla bağlı sənəd imzalanıb (FOTO)

Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası və Misir Ərəb
Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi
əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Misirin Mikro, Kiçik
və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan AzerTimes-a verilən
məlumata görə, sənədi Misir Ərəb Respublikasının Beynəlxalq
əməkdaşlıq naziri xanım Rania Al-Mashat və KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.

Memorandum hər iki ölkənin KOB-ları arasında, xüsusilə startap
və qadın sahibkarlığı sahəsində əməkdaşlıq, məlumat və təcrübə
mübadiləsi, birgə tədbirlərin təşkili kimi istiqamətləri əhatə
edir.

Komissiyanın iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin
sədri Orxan Məmmədov hər iki ölkənin KOB-larının iştirakı ilə
əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, Agentliyin
sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat
verib.