14 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov
ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn
Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlər
ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafını məmnunluqla
qeyd ediblər.
İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və
digər sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi
aparılıb.
İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə
əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və bu çərçivədə
əldə olunan razılıqların icrası təqdir edilib.
Tərəflər, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına müsbət
təkan verdiyini qeyd ediblər. Nazir Ceyhun Bayramov həmkarının İran
İslam Respublikasına səfər dəvətini məmnunluqla qəbul edib və
səfərin yaxın zamanlarda həyata keçiriləcəyini bildirib.
Tərəflər, həmçinin regional vəziyyət və beynəlxalq gündəliyin
qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.