Azərbaycan və İran XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər

8 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici
işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş
tutub.

Xarici İşlər Nazirliyindən (XİN) AzerTimes-a verilən məlumata görə, nazirlər
iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi
münasibətilə qarşılıqlı təbriklərini ifadə ediblər.

Tərəflər cari ilin 9-10 mart tarixlərində Azərbaycanda
keçiriləcək Azərbaycan Respublikası ilə İran İslam Respublikası
arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə
Dövlət Komissiyasının növbəti iclasının yüksək önəmini qeyd
ediblər. Bu xüsusda İranın rəsmi heyəti ilə yanaşı, Azərbaycana bir
qrup iş adamlarının səfər etməsi məmnunluqla vurğulanıb.

Nazirlər, həmçinin regional məsələləri, eyni zamanda Ukraynadakı
vəziyyəti müzakirə ediblər.

Nazirlər, İranın nüvə prpoqramı üzrə Vyanada aparılan
danışıqların gedişatı, habelə qarşılıqlı maraq doğuran digər
məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Teqlər: