Azərbaycan və Gürcüstan parlamenti sədrləri görüşüb (FOTO)

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 19-da Gürcüstana
rəsmi səfəri çərçivəsində ölkə parlamentinin sədri Şalva Papuaşvili
ilə görüşüb.

Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, Gürcüstan
parlamentinin sədri azərbaycanlı həmkarını salamlayaraq qonşu və
dost ölkə olan Azərbaycanla əlaqələrin inkişafına böyük önəm
verdiklərini bildirib. Şalva Papuaşvili iki ölkə arasında
əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə
yüksəldiyini, xüsusən siyasi, iqtisadi, nəqliyyat, ticarət,
humanitar məsələlərdə möhkəm və uğurlu işbirliyi həyata
keçirildiyini qeyd edib. O, deyib ki, Gürcüstan və Azərbaycan
bir-birini beynəlxalq təşkilatlar çərçivəsində hər zaman
dəstəkləyir. Xalqlarımız arasında münasibətlərin tarixi köklərə
əsaslandığını söyləyən spiker gələcəkdə bu əlaqələrin daha da
inkişaf edəcəyinə əminliyini bildirib. Gürcüstan parlamentinin
sədri ölkəsinin həmişə Azərbaycanın ərazi bütövlüyünü
dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini qeyd edib.
Gürcüstan spikeri Azərbaycanın işğaldan azad etdiyi ərazilərində
həyata keçirdiyi bərpa-quruculuq işləri və bu işlərdə Azərbaycan
rəhbərliyinin tətbiq etdiyi müasir yanaşmanı təqdirəlayiq hesab
etdiklərini deyib.

Azərbaycan və Gürcüstanın qanunverici orqanları arasında
münasibətlərdən danışan Şalva Papuaşvili diqqətə çatdırıb ki,
parlamentlərimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli
formatda əməkdaşlıq mövcuddur. Bu baxımdan parlament rəhbərliyinin
və deputatların qarşılıqlı səfərləri, mütəmadi görüşləri
xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Söhbət zamanı
Gürcüstan parlamentinin sədri humanitar, mədəni, təhsil sahəsində
əlaqələrimizin daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb
etdiyini deyib.

Milli Məclisin sədri Sahibə Qafarova səmimi sözlərə və
Gürcüstana rəsmi səfərə dəvətə görə həmkarına təşəkkürünü bildirib.
Spiker diqqətə çatdırıb ki, bu, onun Milli Məclisin sədri kimi
Gürcüstana ilk rəsmi səfəridir. Qonşu və dost ölkələr olan
Azərbaycan və Gürcüstan arasında münasibətlərin çoxəsrlik tarixinə
nəzər salan Milli Məclisin sədri deyib ki, xalqlarımız əsrlər boyu
bir-birinə dəstək olub. Müstəqillik dövründə isə bir çox sahələrdə
əlaqələrimiz daha da inkişaf edib və bu il ölkələrimiz arasında
diplomatik əlaqələrin yaradılmasının 30 illiyini qeyd edəcəyik.

Milli Məclisin sədri bildirib ki, Gürcüstan Azərbaycanın həyata
keçirdiyi beynəlxalq layihələrin fəal iştirakçısıdır. Birgə neft,
qaz və nəqliyyat layihələri ölkələrimiz arasında güclü
tərəfdaşlığın olduğunu göstərir. İki ölkənin parlamentləri arasında
əməkdaşlıqdan danışan spiker Sahibə Qafarova diqqətə çatdırıb ki,
qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq
mövcuddur.

Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında
parlamentlərimiz özünəməxsus rola malikdirlər. Bu münasibətlər həm
ikitərəfli, həm də çoxtərəfli formatda olan əməkdaşlıqda öz əksini
tapır. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları
var və milli nümayəndə heyətlərimiz beynəlxalq parlament
təşkilatlarında qarşılıqlı təmas və sıx əməkdaşlıq şəraitində
fəaliyyət göstərirlər. Parlament komitələrinin işi vasitəsilə ali
qanunvericilik orqanları arasında münasibətləri daha da
dərinləşdirmək üçün geniş imkanlar var. Komitələrimiz hüquqi,
iqtisadi, humanitar və digər istiqamətlərdə qanunvericilik
sahəsində təcrübə mübadiləsi apara bilərlər. Bu baxımdan,
Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin beynəlxalq
əlaqələr komitələrinin mövcud üçtərəfli əməkdaşlıq formatı çox
faydalı ola bilər.

Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən
müharibəsində əldə etdiyi böyük Qələbə haqqında da danışıb. O,
Vətən müharibəsi zamanı Gürcüstanın tutduğu ədalətli mövqeyə və
dəstəyə görə təşəkkürünü ifadə edib. Bildirib ki, Azərbaycan
Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan 20 faiz
ərazisini azad edərək ərazi bütövlüyünü bərpa edib. Ölkəmiz bununla
bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin,
həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü
həyata keçirib. Spiker diqqətə çatdırıb ki, Ermənistan
ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün
maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və
kəndlərimizi dağıdıb. Hazırda Azərbaycan məcburi köçkünlərin öz
doğma yurdlarına qayıtması üçün sürətli bərpa işləri aparır. Burada
kommunikasiyaların bərpası, həyata keçiriləcək layihələr bütün
regionun inkişafına təkan verəcəkdir.

Milli Məclisin sədri onu da deyib ki, biz müharibədən yox,
sülhdən danışmaq istəyirik. Buna görə də Azərbaycan münasibətlərin
normallaşdırılması üçün Ermənistana 5 maddədən ibarət təkliflər
irəli sürüb. Ümid edirik ki, Ermənistan tərəfi öz üzərinə düşən
öhdəliyi yerinə yetirəcək, tezliklə iki ölkə arasında sülh
müqaviləsi imzalanacaq və regionda davamlı sülh, sabitlik təmin
ediləcək. Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Milli Məclisin sədri “Fəxri qonaqlar kitabı”na
ürək sözlərini yazıb.

Teqlər: