Azərbaycan və Gürcüstan gömrük xidməti nümayəndə heyətləri görüşüblər (FOTO)

Gürcüstanda səfərdə olan Dövlət Gömrük Komitəsinin nümayəndə
heyəti gürcüstanlı həmkarları ilə görüş keçiriblər. Görüşdə Dövlət
Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti
general-leytenantı İsmayıl Hüseynov, Komitə sədrinin müavini,
gömrük xidməti general-mayoru Cavad Qasımov və Komitənin aidiyyəti
strukturlarının əməkdaşları, Gürcüstan Maliyyə Nazirliyinin
Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava, qurumun rəis müavini
Vladimir Xundadze və həmin nazirliyin Gömrük departamentinin
rəhbəri Zurab Siçinava iştirak ediblər.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdən əvvəl
nümayəndə heyətləri Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin Gürcüstanın paytaxtı Tiflis şəhərində ucaldılan abidəsini
ziyarət edərək abidənin qarşısına gül dəstələri qoyub, Ulu Öndərin
xatirəsini ehtiramla yad ediblər.

Görüşdə Azərbaycan-Gürcüstan və Gürcüstan-Türkiyə arasındakı
gömrük-keçid məntəqələrində mövcud vəziyyət, yük nəqliyyat
vasitələrinin sıxlıqları və onların aradan qaldırılması üçün
dəmiryolu vasitəsilə yükdaşımaların artırılması imkanları müzakirə
olunub.

Bildirilib ki, sıxlıqların yaranmasına səbəb son aylarda
Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə tranzit qaydada hərəkət
edən yük nəqliyyat vasitələrinin sayının sürətlə və dəyişkən qrafik
əsasında artmasıdır. Tərəflər “Qırmızı Körpü” və “Mazımçay”
gömrük-keçid məntəqələrindən keçən nəqliyyat vasitələrinin sayının
artırılmasının, bu məqsədlə sərhədkeçmə prosedurlarının
səmərəliliyinin yüksəldilməsinin vacibliyini vurğulayıb, qarşıya
çıxan problemlərin operativ şəkildə həll edilməsi istiqamətində
mütəmadi görüşlərin təşkilini qərara alıblar.

Nümayəndə heyətləri iki ölkənin sərhədində yerləşən “Sadıxlı” və
“Qırmızı Körpü” gömrük postlarında mövcud vəziyyətlə də tanış
olublar, nəqliyyat vasitələrinin keçidi­nin intensivliyinin
artırılması istiqamətində operativ tədbirlərin görülməsinin
vacib­liyini vurğulayıblar. Eyni zamanda, tərəflər iki ölkə
arasındakı mövcud sazişə əsasən in­şası nəzərdə tutulan və birgə
gömrük nəzarətinin təşkil olunacağı “İpək yolu” “Ab­reşumis Qza”
gömrük postunun yerləşdiyi əraziyə baxış keçirib, layihələndirmə
işləri ilə yaxından tanış olub, bu istiqamətdə gömrük orqanları və
sərhəd xidmətləri ara­sında birgə fəaliyyətin təşkili, iş planının
hazırlanması ilə bağlı müzakirələr aparıblar.

Teqlər: