Azərbaycan və Finlandiya XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər

11 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfəri
çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri cənab
Pekka Haavisto ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN) AzerTimes-a verilən məlumata görə, Nazirlər
iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif
aspektləri, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT
çərçivəsində əməkdaşlıq münasibətlərini müzakirə ediblər.

Görüş zamanı nazir Ceyhun Bayramov iki ölkənin xarici işlər
nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin
əhəmiyyətini vurğulayıb. Bu xüsusda, tərəflər siyasi müstəvidə
əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə
ediblər.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər
məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni
zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.

Teqlər: